Şabranda məmurlar kəndi niyə boşaldırlar?

Tahir Rəsulov: “Hərəni bir yolla kənddən qaçırtdılar, növbə bizə çatıb”

“Hərəni bir yolla kənddən qaçırtdılar. İndi də ağır texnikaları salıb təsərrüfatımı alt-üst ediblər. Hər gün yaşadığımız yeri sökməyə gəlirlər. Traktorların qarşısını alırıq, imkan vermirik. Deyirlər, çıxın burdan… Ancaq nə kompensasiya ödəyirlər, nə başqa yerə yerləşdirirlər. Qalmışıq ortalıqda…”

Bunu Meydan TV-yə Şabranın Qaraçaylı kənd sakini Mirtahir Rəsulov deyir. Onun sözlərinə görə, ailəsi ilə birlikdə yaşadığı və təsərrüfatla məşğul olduğu yerdən çıxarılır.

“Əkdiyim ağacları kökündən qoparıb atdılar”

Yerli icra hakimiyyəti sakinə bildirib ki, burada daha irimiqyaslı kənd təsərrüfatının yaradılması nəzərdə tutulub deyə ərazi boşaldılmalıdır:

“Deyirlər, burda aqropark salınacaq. Yaxşı edəcəklər, nə deyirəm ki, Allah xeyirli eləsin. Ancaq heç olmasa, bizi də vətəndaş olaraq nəzərə alsınlar. İllərdir ki, burada təsərrüfat yaratmışam, həm yaşayır, həm təsərrüfatla məşğul oluram. Əkdiyim ağacları kökündən qoparıb tulladılar. Heç zərərini də hesablamadılar”.

“Heyvanların çaya düşürməsinə imkan vermirlər”

Mirtahir Rəsulovun yaşadığı və heyvandarlıqla məşğul olduğu əraziyə gələn suyu kəsiblər, ərazini torla hasarlayıblar:

“İki aydır heyvanları otaqmağa yer yoxdur, tövlədə qalıblar. Bizdən aşağıda Vəlvələ çayıdır, ancaq heyvanların ora düşürməsinə imkan vermirlər. Ətrafımızı tora alıblar. Yolumuzu hər tərəfdən bağlayıblar. Həm özümüzə, həm də heyvanlara suyu uzaq məsafələrdən qablarla daşıyıb gətiririk. Sözün əsl mənasında bizi blokadaya alıblar”.

Qaraçaylı kəndinin elə də çox sakini olmayıb. Yaxın vaxtlaradək vur-tut bir neçə ailə yaşayıb. Bu yaxınlarda kəndə gələn yerli icra hakimiyyətinin nümayəndələri sakinlərə bildiriblər ki, hökumət ərazidə iri təsərrüfat yaradır.

“Hamı şəraitsizlikdən köçüb getdi”

“Böyük kənd idi, ailələr çox idi. Burdan hərbi xidmətə çağırışçı da olub. Şəxsiyyət vəsiqələrimizdə də qeydiyyatımız bu kəndədir. Sadəcə, şəraitsizlikdən çoxu köçüb getdi. Son vaxtlar 4-5 ev qalmışdı. Sonra iki ev qaldı, biri bizim, biri də qonşumun… Qonşumu hədələdilər, evini qoyub getdi, tək biz qaldıq. Heç bizim də burda qalmaq fikrimiz yoxdur. Ancaq hara gedək? Yeri olanlar getdi, bizim getməyə yerimiz yoxdur. İllərlə qurduğum təsərrüfatı dağıdır, kompensasiya ödəmir. Tikdiyim, illərlə içərisində yaşadığım evimi dağıdır, kompensasiya ödəmir…”

Şabran Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Qaraçaylıda yalnız bir ailə qaldığından hökumət ərazini təsərrüfat sahəsinə çevirməyi planlaşdırır. Mirtahir Rəsulova təsərrüfatını köçürmək üçün bir neçə yer təklif olunsa da, razılaşmır. Hazırda icra hakimiyyəti vətəndaşı razı salmaq üçün başqa variantları nəzərdən keçirir.