Ucar sakinləri: “Yeni çəkilmiş yol əvvəlkindən də bərbad hala düşdü”

Nəsimi küçəsinin sakinləri problemlərin həllini istəyir

Ucarın Nəsimi küçəsinin sakinlərinin şikayəti var. Onlar rayonun mərkəzi küçəsində yaşamaqlarına baxmayaraq, yollarının bərbad vəziyyətdə olmasından, kanalizasiya xəttinin yoxluğundan şikayətçidirlər. Bir də deyirlər ki, Azərpoçta dəfələrlə müraciət etmələrinə baxmayaraq, məhəllələrinə telefon xətti çəkilmir. Nəticədə, evlərinə internet çəkdirə bilmirlər.

Sakinlərdən Arif Hacıyev deyir ki, internetin olmaması onları çox şeydən geri salır:

“Uşaqlar dərslərini oxuya bilmirlər. Bir də görürsən internetdən nəsə axtarmaq lazım olur, çətinlik çəkirlər. Nə qədər qohumların evinə getmək olar? Ya da indi internetkluba gedən var? Amma biz gedirik, məcburuq. Çünki telefon xəttimiz olmadığından evimizə internet çəkdirə bilmirik”.

A.Hacıyev deyir ki, məhəllə sakinləri olaraq dəfələrlə müraciət ediblər. Ancaq müsbət cavab ala bilməyiblər:

“Deyirlər, kabeli özünüz alın, çəkək. Kabel də bilirsiniz nə qədər lazımdır? Xətt az qala 1 kilometr aralıdadır. O qədər pulu haradan tapaq? Biz vəzifədə işləmirik, milyorder deyilik, özü də dövlətin etməli olduğu işi niyə vətəndaşın boynuna qoyurlar, anlamıram. Poçta dedik, baxmadılar. Gah dedilər, kabeli özünüz alın, gah da dedilər ki, ilin sonu həll ediləcək. Söz verdiklərindən də bir xeyli vaxt keçib. Ancaq onlardan səs yoxdur”.

Sakinlərdən Baxış Əhmədov isə həm də məhəllələrinin yolundan şikayətçidir. Deyir, əvvəlcə asfaltladılar, sonra qazıb, altından su xətti çəkdilər. Nəticədə, yeni çəkilmiş yol əvvəlkindən də bərbad hala düşdü:

“Məhəllədə kanalizasiya xətti də yoxdur. Baxın, özümüzün qazdığımız quyulardan istifadə edirik. Dolur, maşın çağırıb çəkdiririk. Sonra yenə. 21-ci əsrdə bu vəziyyətdə yaşamaq çətindir”.

Şükran Əhmədov məhəlləsindəki şəraitsizlikdən bezib. Deyir, illər əvvəl salınmış məhəllədir, yeni də deyil. Niyə baxmırlar, anlamır:

“Gəldilər, kanalizasiya üçün də yolu qazdılar. Sonra aşağı məhəllələrə çəkdilər, getdilər. Bizə çəkmədilər, eləcə bağladılar. Çəkmədikləri azmış kimi yolumuzu daha betər günə qoyub, getdilər. Yol problemdi, kanalizasiya yoxdur. Tullantı suları yığılıb qalır həyətimizin içində, iylənir. Telefonu da deyirik, deyirlər, kabel yoxdur”.

Ş.Əhmədov deyir ki, əgər kabeli də camaat özü alacaqsa, bəs dövlət nə işə baxır?

“Niyə biz cibimizdən pul qoymalıyıq? Bəlkə elə telefonu da özümüz çəkək? Onda gərək maaşı da bizə verələr. Elə gözəl asfalt vurmuşdular ki, hamımız sevinirdik. Sonra gəlib qazıb tökdülər. Bilmirəm, bu, necə dərddir. Niyə birinci yolu çəkib, altındakı işi sonda görürlər? Gedib-gələ bilmirik. Uşaqlar məktəbə gedəndə palçığa batıb gəlirlər. Vallah, çətindir, adam kimi yaşamaq istəyirik. Yağışlar başlayır, yazıqlar rezin çəkmələrlə gedib-gəlirlər”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Ucar Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Ümumi şöbədən bildiriblər ki, məhəllələrarası yollar tez-tez təmir edilir, demək olar, rayonda yol problemi yoxdur:

“Biz buna vaxtaşırı nəzarət edirik. Ola bilsin, suya görə qazılıb, düzələcək mütləq. Telefon xəttinə gəlincə, bəli, dövlət çəkməlidir. Bunun üçün Azərpoçta məktubla müraciət etsinlər. Həmin əraziyə kanalizasiya xətti çəkilişinə də başlanıb. Növbə ilə hamısı çəkiləcək”.

Azərpoçtun Ucardakı filialından isə bu barədə məlumatsız olduqlarını söyləyiblər:

“Müraciət edənlərə kömək edilir adətən. Görünür, müraciətlər çox olduğundan gecikib. Dəqiq məlumatım yoxdur. Araşdıracağıq”.