Nəyə görə vətəndaş cəmiyyətinin dağıdılması dövləti zəiflədir?

 

 

Azərbaycanın vətəndaş cəmiyyəti hakimiyyətin təbiəti və müstəqillik tarixindən asılı olan müxtəlif dövrlərdən keçib.

Postsovet məkanında miqyasına görə fotosu hətta Newsweek jurnalının üz qabığına da düşən bu cəmiyyət 80-ci illərin sonunda dəyişiklərin əsas lokomotivi idi.

Keçmiş Sovet İttifaqının digər dövlətlərində olduğu kimi, Azərbaycanda da fəal şəkildə müxtəlif hərəkatlar və partiyalar, QHT-lər, assosiasiyalar yaranırdı. Müstəqilliyin erkən mərhələsində siyasi sistemin açıqlığı siyasi təşkilatlara və QHT-lərin geniş spektrinə qeydiyyatdan keçmək imkanı verdi.
Həmin qurumlar, (o cümlədən üzvü olduğum Yaşıllar Hərəkatı da daxil) şəhərin mərkəzində dəbdəbəli binalarda pul ödəmədən ofislər əldə edə bilirdi.

Bu ofislərin şəhərin mərkəzində yerləşməsi 1992-1993-cü illərdəki demokratik hakimiyyətin qeyri-hökümət qurumlarına verdiyi əhəmiyyətdən xəbər verirdi.

Lakin qonşu ölkələrlə müqayisədə Azərbaycandakı vətəndaş cəmiyyətinə beynəlxalq və xarici fondların birbaşa ayırdığı vəsait xeyli dərəcədə az idi. Bunun müxtəlif səbəbləri var idi, neft sərvəti də bunlardan biri idi.

Bundan sonra rejim tədricən sərtləşdi və azadlıqlar daraldı. Bunu ilk növbədə siyasi partiyalar, sonra isə media və 90-cı illərin sonunda vətəndaş cəmiyyəti hiss etdi.

2000-ci illərdə QHT-lərin qeydiyyatdan keçməsi çətinləşdi və qeyri-rəsmi olaraq hökümət nümayəndəsinin həmtəsisçi kimi iştirakı tələb olundu.

Misal üçün, bu məqalənin müəllifinin təsis etdiyi Beynəlxalq və Milli Araşdırmalar Mərkəzinin qeydiyyatdan keçməsinə dörd il vaxt və Avropa Şurasının təzyiqi tələb olundu.

Digər təşkilatlar isə, Leyla Yunusun Sülh və Demokratiya İnstitutu da daxil, qeydiyyatdan keçirilmədi.
Daha sonralar isə, Qərbə inteqrasiya və beynəlxalq münasibətlər, insan haqlarına dair bir neçə beynəlxalq konvensiyanın imzalanması, 2007-ci ilin EITI sənədi kimi müxtəlif razılaşmalar və təşəbbüslər və ya 2006-cı ilin Avropa Qonşuluğu siyasəti QHT-lər və vətəndaş cəmiyyətinin inkişafına yeni təkan vermis oldu.

2000-ci illərin ortalarında Azərbaycan QHT-lərinin sayı bir sıra qonşu ölkələrdəki göstəricilərin səviyyəsinə rejimin “qismən azad olmasına görə” çatmasa da yenidən artdı. Buna şərait yaradan amil onların layihələrdə aktiv iştirak etməsi və ölkənin Qərb başda olmaqla beynəlxalq əlaqələr sisteminə inteqrasiyası olmuşdur.

Ölkədaxili vəzifələr

Təsisat olaraq vətəndaş cəmiyyəti hakimyyətin ağırlıq çəkisini tarazlayan mexanizm rolunu oynayır, amma funksiyası yalnız bununla məhdudlaşmır.

Müxtəlif mənbələr vətəndaş cəmiyyəti və QHT-lərin azı iki funksiyasını qeyd edir: vəkillik və xidmət.
Başqa sözlə, vətəndaş cəmiyyəti və ya “üçüncü sektorun” vəzifəsi “dövlət və biznes sektorlarının xaricində olan boşluğu doldurmaqdan ibarətdir”.

Azərbaycanda vətəndaş cəmiyyətinin rolu bütün istiqamətlərdə mühümdür.
Ölkədə insan haqlarından tutmuş neftçilərin, qadınların, uşaqların və əlilliyi olanların hüquqlarının müdafiəsinə, təhlil mərkəzlərinə, seçkiləri müşahidə edənlərə, dövlət qurumlarının şəffaflığını araşdıranlara qədər təşkilatlar var idi.

Bunlarla yanaşı bir sıra QHT-lər hökümətə idarəçiliyin bütün səviyyələrində, o cümlədən iqtisadiyyat və sosial siyasət sahələrində də islahatlar keçirməkdə kömək edir. Qanunvericiliyə düzəlişlər edilməsi və ya siyasi məhbuslar kimi çətin və həssas məsələlərdə QHT-lərin səylərini birləşdirmək nümunələri də olub.

Belə uğurlu nümunələrdən biri 2006-cı ildə Azərbaycanın Şərq Qonşuluq Tərəfdaşlığı planına Avropa ilə yaxınlaşma barədə müddəanın əlavə edilməsi olub. Bu, əsasən (OSI tərəfindən maliyyələşən) Avropa inteqrasiyası milli platformasının təşəbbüsü ilə keçirilmiş kampaniya nəticəsində mümkün olmuşdu.
Əsası isə odur ki, vətəndaş cəmiyyəti ölkə ictmaiyyətinin səsini, xüsusilə də Azərbaycanda güclənən avtoritarlığa qarşı tənqidi olanların səsi, mövqeyi və baxışlarını beynəlxalq səviyyədə tanıtdırır.
Bu, eləcə də cəmiyyətin beynəlxalq birliyə inteqrasiyasını artırır, nəticədə beynəlxalq vəkillik kanallarının imkanları genişlənir. Bu isə siyasi məhbuslar, korrupsiya və ədalətsizlik kimi məsələlərə diqqəti cəlb etməyə şərait yaradır.

Vətəndaş cəmiyyətinə basqı və bunun ölkəyə təsiri

Müşahidələrə görə, ölkənin xaricində baş verən regional hadisələr avtokratik liderlərə ölkə daxilində fəallığın və azadlıqların məhdudlaşdırılmasına əsas verə bilər.

“Rəngli inqilablarla” bağlı konspirasiya nəzəriyyəsi baxımından göstərilən reaksiya fəalların təqibini və Rusiya kimi başqa dövlətin “xarici agentlər haqqında” qanuna bənzər məhdudlaşdırıcı qanunvericiliyin qəbul edilməsini nəzərdə tutur. Belə reaksiya rəsmi Bakı tərəfindən Ərəb Baharı və ya Ukraynada 2013-2014-cü illərin Avromaydan hərəkatından sonra göstərilib.

Aparıcı QHT-lər aktivləri dondurulma, liderləri həbs olunma və ya səyahət məhdudiyyətlərinə məruz qalma yoluyla cəzalandırılmaqla yanaşı qrantların alınmasına dair qadağaların yürüdülməsi vətəndaş cəmiyyətini QHT-lərin qanuni fəaliyyət göstərməsi imkanından məhrum edib.

İqtisadiyyat, idarəçilik və orduda korrupsiya və şəffaflıq problemləri sahəsində işləyən jurnalistlər və QHT-lər təqiblərə görə ölkəni tərk etməyə məcbur olublar.

Şübhə yoxdur ki, monitorinq və orduda korrupsiyanın aşkarlanması qonşu dövlət tərəfindən torpaqları hələ də işğal altında olan ölkənin əsas təsisatlarından birini gücləndirir.

Azərbaycanda Vətəndaş Cəmiyyətinə basqı nəticəsində Azərbaycanın EITI-də üzvlüyü dondururldu (əvvəlcə səviyyəsi endirildi), sonradan isə Azərbaycan bu təşəbbüsü tərk etməli oldu. Bakı isə bu təşəbbüsdə iştirakından qürur duyurdu. CSED hesabatında Azərbaycanın EITI üzvlüyündən xaric olunması barədə deyilmişdi ki, “Azərbaycan korrupsiya və rüşvətxorluq ittihamlarına qarşı mühafizəedici qalxanını itirir”.

Ölkənin beynəlxalq səviyyədə nüfuzu üçün fəsadlarla yanaşı, ölkə peşəkar, əqidəli ekspert və vətəndaş cəmiyyəti fəallarını itirdi. Onlar isə azadlıqların qoruyub saxlanması və inkişafında, islahat təşəbbüsü irəli sürməkdə, seçkilərin müşahidəsində, dövlətə xidmətlərin göstərilməsində və şəffaflığın inkişafında vasitə rolunu oynayırdılar.

Ölkəni tərk edə bilməyənlərin çoxu səyahət qadağası altındadır. EMDC xəbər verir ki, hazırda siyasətçilər, fəallar, jurnalisrlər və alimlərin səyahət qadağası ilə bağlı 26 iş mövcuddur.

Eyni zamanada bir sıra beynəlxalq təsisatlarda Azərbaycan cəmiyyətinin səsi və mövqeyi itirildi. Bunu, xüsusilə EITI-nin EaP vətəndaş cəmiyyəti platformasında, eyni zamanda qeyri-rəsmi dairələr diplomatiyasında və Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı bütün digər növ fəallıqlarda hiss etmək mümkündür.

Hökümətin nəzarətdə saxladığı bəzi təşkilatlar boşluğu doldurmağa cəhd etsələr də, ümumiyyətlə, bu QHT-lərə münasibət və ətrafında yaranmış rəy beynəlxalq partnyorlara onlara ciddi yanaşmağa imkan vermir.

Gələcək üçün dilemmalar

Siyasi azadlıqların olmadığı mühitdə vətəndaşların səsinin eşidilməsinə, hakimiyyətlə cəmiyyət arasında vasitəçiliyə xidmət göstərən qeyri-hökumət təşkilatlarına yuxarıda qeyd olunmuş təzyiqlərin fəsadları özünü Azərbaycan nümayəndələrinin mühüm beynəlxalq tədbirlərdə, konfranslarda, görüşlərdə və dialoqlarda iştirak etməməsində göstərir.

Bundan əlavə, hökümət Qarabağ danışıqları kimi mühüm məsələlərdə ciddi arqumentindən – ictimayi rəyə, o cümlədən münaqişənin təsirinə məruz qalmışların təsis etdiyi QHT-lərin və ekspertlərin rəyinə və mövqeyinə istinad etmək imkanından məhrum olub.

Nəzərə çarpan itki odur ki, vətəndaş cəmiyyətinin mövcudluğu hökümətə idarəçilik sahəsində bir çox problemlərin həllində cəmiyyətin intellektual və yaradıcı potensialından istifadə etmək imkanı verirdi.
Hökümət hələ də QHT-lərin ölkədə hakimiyyət dəyişikliyinin mümkün “agentləri” olması barədə konspirasiya nəzəriyyəsinə dirəndiyi halda, eyni zamanda vətəndaş cəmiyyətinə basqının baha başa gəldiyinin şahidi olur – ölkənin EITI-dən xaric edilməsi və bununla ölkənin beynəlxalq nüfuzuna zərbə vurulması, mütəxəssilərin ölkəni tərk etməsi buna mühüm misallardan biri kimi göstərilə bilər.

Region ölkələrinin əksəriyyətinin və son zamanlarda qonşu Ermənistanın sürətlə Qərbə doğru açılması, dəyişiklərin mərkəzində vətəndaş cəmiyyətinə yer ayıran liberal demokratiya institutlarının qurulması fonunda, azad vətəndaş cəmiyyətinin inkişaf etdiyi dövlətlərlə vətəndaş cəmiyyəti ciddi məhrumiyyətlər altında olan dövlətlər arasında uçurum getdikcə dərinləşəcək.

İslahatların zəruriliyindən və vətəndaş cəmiyyətinə imkanların yaradılmasının vacibliyindən hökümətin xəbərdar olmasına dair işarələr var.

Rəsmilərin fəallarla “fərdi sövdələşmənimi”, yoxsa, ümumilikdə qadağaları qaldırmaq üçün qanunvericiliyə edilmiş əvvəlki mürtəce düzəlişlərin ləğvinimi seçəcəyi islahatların real və ya imitasiya olduğunu yoxlamağın ən yaxşı üsuludur.

Qurama işlərə xitam vermək barədə fərman ölkədəki siyasi məhbuslar probleminin kökünü kəsmədiyi kimi, “seçmə hallarda” yumşalma, sistemin liberallaşmasından daha çox, şəraitə uyğunlaşmadan xəbər verə bilər.

İslahatlar kursunun bəyan edilməsi fonunda fəalların və jurnalistlərin həbsinin davam etməsini nəzərə almamaq mümkün deyil.

EMDS-in hesabatına görə, 2018-ci ilin yanvarından 2019-cu ilin fevralınadək 131 siyasi motivli inzibati saxlama baş verib .

Ancaq bir məsələ aydındır – postsovet dövrünün hadisələri sübut edir ki, ölkənin inkişafı və islahatların aparılmasında vətəndaş çəmiyyəti mühüm rol oynayıb.

Odur ki, region dövlətləri arasında vətəndaş cəmiyyətinin azad fəaliyyəti üçün şərait yaradan ölkənin daha güclü, inkişaf etmiş və zəngin olmaq şansları daha yüksək olacaq. (BBC News Azərbaycanca)