Turizm şirkəti ilə müqavilə niyə və necə bağlanmalıdır?

İlk növbədə vətəndaş turu təklif edən şirkətin fəaliyyəti, turun əhatə etdiyi xidmətlər, təkliflər, turun müddəti və bu kimi əhəmiyyətli məsələlər barədə ətraflı məlumat əldə etməsində fayda var. Vətəndaş tur alarkən və ya seçdiyi turizm şirkəti ilə müqavilə bağlayarkən aşağıdakılara diqqət etməlidir:

1. Turizm şirkəti ilə alıcı arasında mütləq müqavilə bağlanmalıdır. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən turizm məhsulunun satışı müqavilə əsasında həyata keçirilir. Müqavilə yazılı formada bağlanır və o, Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğun olmalıdır. Əgər müqavilə yazılı formada bağlanmazsa, etibarsız hesab olunur. Həmçinin, turizm məhsulunun alıcısı müqavilənin bir nüsxəsini özündə saxlamalıdır.

2. Müqavilənin vacib şərtləri aşağıdakılardır:

• turizm fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya barədə məlumatlar göstərilməklə turoperator (turların komplektləşdirilməsi, turizm məhsulunun formalaşdırılması, hərəkətə gətirilməsi və satışı ilə məşğul olan turizm təşkilatı) haqqında informasiya, onun hüquqi ünvanı və bank rekvizitləri;

• turist (alıcı) haqqında turizm məhsulunun satışı üçün zəruri olan həcmdə məlumat;

• turizm fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş xüsusi razılıq barədə məlumatlar göstərilməklə turaqent (satıcı) haqqında informasiya, onun hüquqi ünvanı və bank rekvizitləri;

• səyahətin proqramı və marşrutu barədə məlumat göstərilməklə turizm məhsulunun istehlak xassələri, turistlərin təhlükəsizlik şərtləri, turizm məhsulunun sertifikatlaşdırılmasının nəticələri haqqında düzgün məlumat;

• səyahətin başlanmasının və qurtarmasının tarixi və vaxtı, onun müddəti;

• turistlərin qarşılanması, yola salınması və müşayiət olunması qaydası;

• tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti;

• turizm məhsulunun pərakəndə qiyməti və onun ödəniş qaydası;

• qrupda turistlərin minimal sayı, qrup üzvlərinin çatışmazlığı üzündən səyahətin olmayacağı barədə turistin məlumatlandırılması müddəti;

• müqavilənin dəyişdirilməsi və pozulması şərtləri, bununla əlaqədar əmələ gəlmiş mübahisələrin tənzimlənməsi və tərəflərə dəymiş ziyanların ödənilməsi qaydası.

3. Müqavilənin digər şərtləri tərəflərin razılığı ilə müəyyən edilir. Turistin turoperatordan və ya turaqentdən (turoperator tərəfindən turların satışı, turizm məhsulunun hərəkətə gətirilməsi və satışı üzrə vasitəçilik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxs) tura daxil olan bütün xidmətlərin göstərilməsini tələb etmək hüququ var.

4. Tərəflərin hər birinin, səyahət vaxtı şəraitin əsaslı dəyişikliyi ilə əlaqədar olaraq, müqaviləni dəyişdirməyi və ya onu pozmağı tələb etmək hüququ var.

5. Şəraitin əsaslı dəyişikliyinə aşağıdakılar aiddir:

• səyahətin şərtlərinin pisləşməsi, səyahətin müddətində dəyişiklik;

• səyahətin baş tutması üçün müqavilədə göstərilmiş qrupda turistlərin minimal sayının natamamlığı;

• nəqliyyat tariflərinin gözlənilmədən artması;

• turoperatorun və ya turaqentin maliyyə vəziyyətini kəskin pisləşdirən yeni vergi və vergitutma qaydalarının tətbiqi və ya mövcud olanların artırılması;

• milli valyuta kursunun kəskin dəyişilməsi.

6. Müqavilə pozulduqda, zərərin ödənilməsi tərəflərin çəkdikləri faktiki xərclərə uyğun surətdə həyata keçirilir. Zərərin əvəzi kimi ödənilən məbləğ turizm məhsulunun dəyərinin iki mislindən artıq ola bilməz.

7. Səyahətin konkret şərtləri, turizm məhsulunun pərakəndə qiyməti turistə turoperator və ya turaqent tərəfindən verilən turizm yollayışında (ciddi hesabatlı blank olub, proqramla nəzərdə tutulmuş xidmətlərin ödənildiyini təsdiq edən sənəd) göstərilir. Turizm yollayışı müqavilənin ayrılmaz hissəsi olmaqla, turoperatorun və ya turaqentin turizm məhsulunun satışına yazılı razılıq və onun satıldığı faktını təsdiqləyən ilkin hesabat sənədidir.

8. Turist göndərən turoperatorla və ya turaqentlə turist qəbul edən turoperator və ya tura daxil olan konkret xidmətləri təklif edən şəxslər arasında qarşılıqlı ödəmələr turizm vauçeri (xarici turistlərə xidmət göstərilməsi və firma ilə qarşılıqlı ödəmələr aparılması üçün əsas olmaqla, turun tərkibinə daxil olan xidmətlər üzərində turistin hüququnu müəyyənləşdirən və xidmətlərin göstəriləcəyi faktını təsdiq edən sənəd) əsasında həyata keçirilir.

9. Turagentlərə ödəmələr yalnız nağdsız qaydada həyata keçirilir.

Azərbaycanda turizm fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli fərmanı ilə lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılmışdır.

Benefisiar.org