Prezident məhkəmə sisteminin müstəqilliyinin təminatçısı ola bilərmi?

Konstitusiyalar qısa şəkildə ifadə etsək, dövlətlə vətəndaş arasındakı bir müqavilədir. Əlbəttə, bu müqavilənin şərtlərinin dəyişdirilməsi, düzəliş edilməsi, hər iki tərəfin iradəsi ilə (bu iradə referendumla təsdiqini tapır) həll olunur.

Konstitusiyalar ölkələrin vətəndaş qarşısındakı öhdəliklərini müəyyən edir, buna uyğun olaraq vətəndaşların tabe olmalı olduğu öhdəlikləri tənzimləyir. Konstitusiya üst normdur və qəbul olunduğu ölkə üçün məcburidir. Bu baxımdan konstitusiyaların demokratik olması onun qəbul olunduğu ölkə üçün vacib və prioritet məsələ olmalıdır.

Bəs bizim konstitusiyamız nə dərəcədə demokratikdir? Əlbəttə, bütün maddələri tək-tək şərh etmək bu məqalənin sərhədlərini aşır. Bu məqalədə sadəcə bir maddənin üzərində dayanmaq istəyirəm. Deməli, Azərbaycan Respublikasının Konstituiyasının 8-ci maddəsində qeyd edilən, Azərbaycan Respublikasının prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır hökmü ziddiyətli bir hökmdür. Çünki, eyni konstitusiyanın 100-cü maddəsində prezidentliyə dair tələblər göstərilib, bu tələblər sırasında, prezidentin partiya mənsubiyyəti ilə bağlı heç bir şərt nəzərdə tutulmayıb. Yəni, prezident partiyalı ola bilər. Bunun üçün heç bir maneə yoxdur. Belə olan halda, partiya mənsubiyyəti olan bir şəxsin hakimiyyətin 3 müstəqil qolundan biri olan, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olması absurddur. Çünki, özü müstəqil olmayan (partiya mənsubiyyəti olan) bir prezident hakimiyyətin digər və önəmli bir qolunun müstəqilliyinin təminatçısı necə ola bilər? Bu baxımdan digər ölkələrin konstitusiyalarına baxdıqda, Gürcüstan Konstitusiyasında, dövlət başçısını (Head of state) dövlət orqanlarının işləyişini təmin edən, ölkənin birliyinin qarantı olan biri kimi təsvir edildiyini görərik.

Qeyd etmək yerinə düşərdi ki, dövlətin başçısı, silahlı qüvvələrin ali baş komandanı, xarici əlaqələr üzrə Gürcüstanın ən yüksək təmsilçisi sayılan Gürcüstan Respublikasının prezidenti, ölkənin daxili və xarici siyasətini istiqamətləndirir, xalqın milli birlik və bütövlüyünü, habelə dövlət qurumlarının və digər orqanların fəaliyyətini təmin edir, formal olaraq baş naziri təyin edir.

2010-cu ildə Gürcüstanda konstitusiyaya edilmiş dəyişikliklər nəticəsində dövlət başçısının səlahiyyətləri nəzərəçarpacaq dərəcədə məhdudlaşdırılıb. Azərbaycanda isə, dövlət başçısı həm də, icraedici hakimiyyətin başçısıdır. Bu baxımdan hakimiyyətin bir qolunun rəhbəri olan şəxs digər bir qolun müstəqilliyinin təminatçısı ola bilməz. Fransa Konstitusiyasının 64-cü maddəsində “Fransa prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır” ifadəsi yer alıb. Bu ifadə bizim konstitusiyamızla eyniyyət təşkil etsə də, Fransanın hökumət sistemi Azərbaycan fərqli olaraq “Qarışıq sistem” (semi-presidential) adlanır. Bu sistem adından da göründüyü kimi prezidentli respublika ilə parlamentli respublikanın qarışığıdır. Burada icra fəaliyyətini prezident deyil, baş nazir həyata keçirir. Ukrayna konstitusiyasında prezidentin belə bir vəzifəsi təsbit olunmamışdır.

Ümumiyyətlə demokratik prezidentli respublikaların konstitusiyalarında prezidentə bu cür təminat haqqı tanınmamışdır. Çünki, prezidentli respublikaların tarixinə baxsaq, bu sistemin ilk dəfə ABŞ-da tətbiq olunduğunu görərik. Amerikada sistem müzakirəsi edilərkən, Böyük Britaniydan və digər yerlərdən dini təqiblər ucbatından köçüb gələnlər belə bir fikir irəli sürdülər ki, biz buraya kraldan və kraliçadan qaçıb gəlmişik, ona görədə, parlamentli respublika istəmirik. Bir prezident olsun, o seçki yolu ilə hakimiyyətə gəlsin, və onun gücünü parlament vasitəsi ilə minimallaşdıraq.

Bu sistemin əsas özəyi hakimiyyətin hər 3 qolunun sərt ayrılığına əsaslanır. Parlamentli respublikalarda isə icraedici hakimiyyət parlamentin daxilindən formalaşır deyə, hakimiyyətin qollarının bir-birinə müdaxiləsi qaçılmaz olur. Nəticə olaraq, prezidentli respublikalarda prezident qəti şəkildə məhkəmə orqanı üzərində səlahiyyət sahibi ola, hakimlərin müstəqilliyinin təminatçısı rolunda çıxış edə bilməz. Əgər ölkəmizdəki sistem, parlamentli respublika olsaydı, prezident parlament tərəfindən konsensusla seçilsəydi, o zaman prezidentə belə bir səlahiyyət vermək olardı. İndiki halda bir siyasi partiyanın lideri olan şəxs, bütün ölkə üçün keçərli olan və ölkədəki hər bir vətəndaşın hüquqlarını qorumalı olan bir sistemin təminatçısı ola bilməz. Olması hüquqi deyildir.

Benefisiar.org