Azərbaycan təhsili beynəlxalq qiymətləndirmədən niyə aşağıdır?

Təhsil Nazirliyinin şöbə müdiri: “Hansı məqamlarda aşağı nəticə göstəririksə, deməli, onu artıq artırmalıyıq. Bizdə bunun üçün daha çox marifləndirici iş aparılmalıdır”

Azərbaycan öz orta məktəb təhsilini beynəlxalq qiymətləndirməyə yenidən açıb.

“Bizim PİSA-da iştiraka qayıtmağımız yaxşı xəbərdir, çünki biz təhlil baxımından başa düşəcəyik ki, dünya standartlarına nə qədər yaxınıq”, Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev BBC News Azərbaycancaya deyib.

PISA İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təşkil etdiyi beynəlxalq şagird qiymətləndirmə proqramıdır. Qiymətləndirmənin məqsədi proqramda iştirak edən ölkələrin 15 yaşlı məktəblilərinin oxuma-anlama, riyaziyyat və elmi biliklərini ölçməkdir.

Azərbaycan indiyə kimi PİSA qiymətləndirilməsində 2006, 2009 və 2018-ci illərdə iştirak edib.

2018-ci ildəki qiymətləndirmənin nəticələri hələ açıqlanmasa da Azərbaycanın əvvəlki illərdəki göstəricilərinin iştirakçı ölkələrlə müqayisədə zəif olduğu iddia edilir.

Yerli təhsil məsələləri üzrə təhlilçilər Azərbaycanın PİSA-da iştirakını dayandırmasının səbəbi kimi “ölkədə orta təhsilin bərbad olduğunu və buna görə də aşağı nəticələr göstərdiyini iddia etmişdilər.

“Bizdə sovetdən qalma sürətli oxu texnikası idi”

“Bizdə daha çox fikir verirlər ki, Azərbaycan axırdan əvvəlinci yer tutmuşdu, vəziyyət pisdir. Hə, bu nəticələr aşağıdır, bunu heç kim demir ki, orada nəticələr əladır”, Təhsil Nazirliyinin rəsmisi Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, nəticələr, əsasən, oxu üzrə qiymətləndirmədə olub ki, Azərbaycanda da yerli oxu metodoloğiyası ilə beynəlxalq standartlar fərqlənib.

“Bizdə sovet vaxtından bəri daha çox sürətli oxuma bacarığına üstünlük verilib, beynəlxalq standartlar isə öz dilində oxuduğun mətni anlama bacarığını qiymətləndirir”.

“Riyaziyyatdan pis deyilik”

Emin Əmrullayev əlavə edib ki, oxu bacarıqları üzrə Azərbaycanın göstəricisi zəif olsa da, riyaziyyat nəticəsi “kifayət qədər yuxarıdır”.

“Orada bal anlayışı var, Azərbaycanın balı riyaziyyatda 400-dən yuxarı olub. 500 orta baldır, Azərbaycan kimi ölkə üçün gözlənən baldır”, o deyib.

Təhsil Nazirliyi ümid edir ki, artıq 2018-ci ildən Azərbaycanın qiymətləndirmə nəticələrini müqayisə edib boşluqları görə biləcəklər. “Hansı məqamlarda aşağı nəticə göstəririksə, deməli, onu artıq artırmalıyıq. Bizdə bunun üçün daha çox marifləndirici iş aparılmalıdır”.

Kağızda düzəliş asandır, amma reallıqda…

Amma Təhsil Nazirliyi ümid növbəti PİSA qiymətləndirilməsində irəlləyişlərə ümid edir, çünki illərdir tətbiq edilən yeni kurikulum sistemi orta təhsildə beynəlxalq qaydaların tətbiqinə imkan yaradıb: “Artıq Azərbaycanda buraxılış və qəbul imtahanlarında da PİSA tipli suallar, oxu salınmağa başlanıb”, Emin Əmrullayev deyib.

Amma o əlavə edib ki, bəzi fənlərin məzmununda əsaslı dəyişiklər edilməlidir. “Bunları kağızda etmək asandır, nazirlik bunu götürüb kurikulumda dəyişə bilər, amma müəllimin davranışında, ictimaiyyətin yanaşmasında, dərslikdə dəyişmək elə də asan prosess deyil”,- nazirlik rəsmisi bildirib.

Azərbaycanın iştirak etdiyi son qiymətləndirmə 2018-ci ildə olub, amma nəticələr bu il dekabrın 3-də açıqlanacaq. (BBC News Azərbaycanca)