Elektron hökumətin korrupsiyanın qarşısının alınmasında rolu – MƏQALƏ

Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının Katibi
Bayram Baxşəliyev – Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının Katibi

Müasir dövrdə korrupsiyaya qarşı mübarizə yeni mərhələyə qədəm qoymuşdur. Dövlətin idarəetmə metodları inkişaf etdikcə, bu, anti-korrupsiya siyasətindən də yan keçmir və bu istiqamətdə istifadə edilən metodlar artıq köhnəlmiş və klassik hesab olunur. Aydın məsələdir ki, korrupsiyasız cəmiyyət mövcud deyil, lakin bu, onunla mübarizənin mənasız olması anlamına gəlməməlidir. İnkişaf etmiş dövlətlər bu “bəla” ilə ciddi mübarizə apararaq, onu ən aşağı həddə endirmişlər. Günümüzün reallığıdır ki, internet korrupsiyaya qarşı mübarizə və şəffaflıq siyasətinin tətbiqi üçün əsas elementdir.

Artıq elektron hökumət (bundan sonra e-hökumət) Azərbaycanın davamlı və dayanıqlı inkişafı siyasətinin prioritet istiqamətlərindən biri kimi ictimai-iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bəs elektron hökumət nədir? BMT-nin tərifinə görə, e-hökumət İKT-dən istifadə etməklə ictimai məlumatların və xidmətlərin əhaliyə təqdim edilməsidir. Həmçinin, Avropa İnkişaf və Əməkdaşlıq Təşkilatının tərifinə görə, e-hökumət İKT, xüsusən internetdən istifadə edərək daha yaxşı idarəçiliyə nail olmaq üçün vasitədir. Avropa Komissiyası isə daha geniş tərif verir : E-hökumət təşkilati dəyişikliklər və yeni bacarıqların yaradılması müşayiət olunmaqla İKT-nin dövlət idarəetməsinə tətbiqi və bununla da dövlət xidmətləri və demokratik prosesin inkişafına töhfə verilməsi, eləcə də dövlət siyasətinin inkişafının dəstəklənməsidir. Elektron xidmətlərin tətbiq edilməsinin əsas məqsədi daha operativ xidmət göstərməklə vətəndaşların rahatlığını təmin etmək və dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasına nail olmaqdır. Son 10 ildə bu sahədə mühüm addımlar atılıb. Əgər bir neçə il öncə sənəd əldə etmək, hansısa xidmətdən yararlanmaq üçün uzun çəkən sənədləşmə prosesi ilə məşğul olmaq və gözləmək lazım gəlirdisə, elektron hökumətin tətbiqi  ilə bu problemə son verilmişdir.1

Avropa Şurası Nazirlər Komitəsinin “İnternetdə kommunikasiya azadlığı haqqında” Bəyannaməsində  göstərilmişdir ki, üzv dövlətlər istifadəçilərin və sosial qrupların müxtəlif ehtiyaclarını təmin edən internet vasitəsilə plüralist xidmət təklifini inkişaf etdirmək üçün tədbirlər görməlidir.2 Buradan məlum olur ki, artıq elektron xidmətlərdən istifadənin genişləndirilməsi dövlətlərin üzərinə öhdəlik olaraq qoyulur və bunun beynəlxalq-hüquqi əsası var. Azərbaycanda e-hökumət sahəsində müvafiq qanunvericilik bazasının formalaşdırılması sivil dünya təcrübəsinə, beynəlxalq təşkilatların tövsiyələrinə əsaslanır. Belə ki, informasiya sistemləri arasında informasiya mübadiləsini təmin etmək üçün müvafiq hüquqi baza kifayət qədər yaradılmışdır. “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”, “Elektron hökumət” portalı haqqında Əsasnamənin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013 il tarixli Fərmanı, “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi barədə 1 may 2014-ci il Fərmanı buna misal ola bilər.

E-hökumət vətəndaş-məmur arasındakı əlaqəni minumuma endirdiyi üçün faktiki olaraq korrupsiya ehtimalını da zəiflədir, dövlətlə vətəndaş arasında şəffaf dialoqu təmin edir, məmurların hesabatlılığını artırır, operativ nəzarət mexanizmi olduğundan rəsmi prosedurların daha sürətli və qanuni həyata keçirilməsinə şərait yaradır.3  Faktiki olaraq bürokratik əngəl yaradan amil olmur və vətəndaş artıq heç bir maneə olmadan zəruri məlumatları əldə edir. E-hökumətin imkanları dövlət idarəçiliyini də səmərəli edir, idarələrarası əlaqələrin gücləndirilməsində mühüm rol oynayır.

Artıq özəl sektorun təqdim etdiyi elektron ödəmə vasitələri də geniş yayılmağa başlayır. Əsas amil kimi onlayn ödəmə vasitələrinin (azericard, goldenpay, easy pay) və elektron ödəmə kiosklarının (milli ön, e-manat) artması göstərilə bilər. Hətta bəzi dövlət qurumları elektron xidmətlərin göstərilməsi zamanı özəl sektora aid onlayn ödəmə infrastrukturundan (Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, kommunal sektorda olan dövlət şirkətləri) və kiosk ödəmə infrastrukturundan faydalanırlar.

Bir pəncərə prinsipinə əsaslanan e-hökumət quruculuğu ölkəmizdə son illərdə sürətlə inkişaf edir. Belə ki, E-hökumət portalından istifadə edən istifadəçilərin sayı iki il ərzində 1,5 milyona yaxın olmuşdur. Xüsusən 2014- ci ilin iyul ayından noyabr ayına kimi 1 milyon istifadəçi artmış, 4,5 milyon əməliyyat yerinə yetirilmişdir. Ümumilikdə elektron xidmət istifadəçilərinin artması elektron hökumət portalında təqdim olunan xidmətlərin sayının (179-dan 383-ə) artması ilə izah edilə bilər.4

Korrupsiyaya qarşı mübarizə vasitəsi kimi e-hökumət bəzi problemlərlə üzləşir. Ucqar ərazilərdə İKT-nin geniş yayılmaması əsas problemlərdəndir. Bu ərazilərdə e-hökumətin tətbiqi faydasız və demək olar ki, mümkünsüzdür. Problemin həlli üçün tədricən bu ərazilərdə İKT tətbiqinin genişləndirilməsi prioritet məsələdir.5

Cəmiyyətə dolaşan əsas fikirlərdən biri də budur ki, elektron dövlətin tətbiqi məmurlara ehtiyacı azaldır və bu da işsizlik problemini artırır. Əlbəttə, bu zaman müvafiq əməliyyatları həyata keçirən məmurlara ehtiyac qalmır, lakin İT mütəxəssislərinə tələbat artır. Buna görə də yüksək səviyyəli mütəxəssislər, kadr potensialı olmalıdır.

Digər həll edilməli olan məsələ bir çox dövlət qurumlarının elektron xidmətlərinin elektron hökumət portalına inteqrasiya etməməsidir. Aydındır ki, bu proses mərhələli şəkildə həyata keçirilir və daim təkmilləşdirilir. Dövlət rüsümu tələb edən bütün xidmətlər üzrə mövcud onlayn ödəmə mexanizmlərindən istifadə edilsə, bunun üçün hüquqi məcburiyyət mexanizmləri tətbiq edilsə və bundan başqa bütün dövlət xidmətləri bir pəncərə – elektron hökumət portalına inteqrasiya edilsə, bu problem aradan qalxar.

Azərbaycanda elektron hökumət son illərdə sürətlə inkişaf etmiş, bu sahədə qabaqcıl dövlətlərin təcrübəsindən istifadə genişlənmişdir. Beynəlxalq indekslərə əsasən Azərbaycan elektron hökumət imkanlarından istifadəyə görə sıralamada ciddi irəliləyiş əldə etmişdir.  E-hökumət prosesləri sadələşdirmək və vaxt itkisinin qarşısını almaqla yanaşı, korrupsiyanın qarşısının alınmasında effektiv vasitədir. Bu, həm vətəndaşların rahatlığını təmin edir, həm də dövlət idarəçiliyini rahatlaşdırır, qurumlar arasında əlaqənin idarə olunmasında mühüm rol oynayır. Bununla bərabər qeyd etmək lazımdır ki, e-hökumət korrupsiyanın qarşısının alınmasında yeganə vasitə deyil. E-hökumətin əsas rolu vətəndaş-məmur əlaqələrini sıfıra endirmək, fərdi yanaşmanı aradan qaldırmaq və korrupsiyanın baş tutma ehtimalını minimallaşdırmaqdır. Azərbaycan Respublikası üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq bu sahədə mövcud olan normativ-hüquqi bazasını təkmilləşdirir, qabaqcıl dövlətlərin təcrübəsindən maksimum yararlanmağa çalışır. Hesab edirik ki, mövcud problemlərin həll ediləcəyi, bütün dövlət xidmətləri bir pəncərə – elektron hökumət portalına inteqrasiya ediləcəyi və qabaqcıl ölkələrin təcrübələrindən istifadə ediləcəyi təqdirdə elektron dövlət antikorrupsiya siyasətinin effektiv vasitələrindən birinə çevrilə bilər və bu da ölkəmizin beynəlxalq indekslərdə daha yaxşı mövqelərdə yer tutmasına şərait yara bilər. Çünki e-hökumət quruculuğunun təkmilləşdirilməsi bürokratiyanın aradan qaldırılması və bunun məntiqi nəticəsi olaraq şəffaflığın təmin olunmasına təkan verəcək.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. 

ƏDƏBİYYAT

  1. Ali Şahin, Erhan Örselli, E-devlet anlayışı sürecinde Türkiye, 9 Sosyal Bilimler Enstitüsü Dergisi 343, s.344 (2003)
  2. https://wcd.coe.int/ViewDoc.jsp?id=1835773
  3. https://pdf.usaid.gov/pdf_docs/Pnadm957.pdf
  4. Azərbaycanda elektron hökumət infrastrukturunun və elektron xidmətlərin monitorinqi və qiymətləndirməsi üzrə Hesabat, s.13,

http://transparency.az/alac/files/Elektron%20xidmet%20son%20hesabat%20TI%20AZ.pdf

  1. http://www.it.iitb.ac.in