Rayonlara giriş-çıxış məhdudlaşdırılıb

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan başqa digər şəhər və rayonlara da giriş-çıxış məhdudlaşdırılıb.

DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, bu addım xüsusi karantin rejimi çərçivəsində insanların sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.

Qeyd edək ki, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

Karantin rejiminə əsasən, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb.

Yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirlər çərçivəsində tətbiq olunmuş karantin rejimi çərçivəsində cənub bölgəsindəki rayonların arasında postlar qurulub. “Report”un Cənub Mərkəzinin verdiyi məlumata görə, koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı bir rayondan digərinə giriş-çıxış qadağan edilib. Bu addım ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün atılıb. Koronavirus infeksiyasına yoluxmuş şəxslərin digər rayonlardakı insanları yoluxdurmaması məqsədilə postlarda vətəndaşların hansı rayonun sakini olduğu yoxlanılır. Operativ nəqliyyat vasitələri, təcili tibbi yardım maşınları, o cümlədən iş yeri başqa rayon olan şəxslər istisna olmaqla, digərləri geriyə, sakini olduğu rayona qaytarılır. Respublikanın şimal-qərb bölgəsində də rayonlara giriş-çıxış məhdudlaşdırılıb “Report”un Şimal-qərb bürosu xəbər verir ki, bu gün səhər saat 08-00-dan etibarən Oğuz-Şəki, Şəki-Qax, Qax-Zaqatala və Zaqatala-Balakən rayonlarının sərhədlərinə polis postları qurulub. Yol Patrul və Post Patrul xidmətinin əməkdaşları rayonların girişində nəqliyyat vasitələrini yoxlayır. Yoxlanış qeydiyyat üzrə aparılır və getdiyi rayonun qeydiyatında olmayan sürücülər, onların idarə etdiyi avtomobillər və sərnişinlər geri qaytarılır. Bu tədbirlər koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi daşıyır. Atılan addımlar hər birimiz üçün virusdan qorunma və təhlükəsizlik məqsədilə aparılır.

Əvvəlki məqaləYol polisi koronavirusla bağlı sürücülərə və vətəndaşlara tövsiyə verib
Növbəti məqaləEkspress marşrut avtobusların hərəkət cədvəlində dəyişiklik edildi