Ölkə ərazisində yaranan internet probleminin səbəbi açıqlanıb

“İnternet təchizatında yaranan problemin səbəbi ilə əlaqədar paytaxt və regionlarda yerləşən hər hansı elektron ATS-in xidmət ərazisində təmir və ya qazıntı işləri ilə bağlı kabel zədələnməsinin olması, bu səbəbdən də internet probleminin qeydə alınması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir”.

Bunu “APA-Econimics”ə açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova deyib.

Onun sözlərinə görə, respublika ərazisində yaranan internet probleminə səbəb ölkəyə internet gətirən kommersiya provayderi ilə bağlıdır.

“Ölkə ərazisində COVİD-19 virusu ilə əlaqədar tətbiq edilən karantin rejimində bir çox şirkət işini onlayn rejimdə davam etdirir. Eləcə də, təhsil sistemində dərslər onlayn qaydada həyata keçirilir. Bununla əlaqədar, genişzolaqlı internet şəbəkəsində əhəmiyyətli dərəcədə yüklənmə var. Bəzən internetlə əlaqəli vətəndaşın seçdiyi qurğu və evində yerləşdirdiyi cihaz bu günlərdə artan tələblərə cavab vermir”, – deyə G. Gözəlova qeyd edib.

O, həmçinin, əlavə edib ki, mütəxəssislər istifadəçilərin fasiləsiz və sürətli internetə çıxışını təmin etmək məqsədilə şəbəkənin təkmilləşdirilməsi istiqamətində gündəlik profilaktik tədbirlər həyata keçirir.

“Göstərilən xidmətlərin respublika üzrə fasiləsiz təmin edilməsi üçün magistral internet xətlərinə də daim nəzarət edilir. Nazirlik tərəfindən ölkə ərazisində internetlə təminatı davamlı şəkildə həyata keçirilir”, – deyə G. Gözəlova qeyd edib.

​Öz növbəsində, “Delta Telecom” Milli Telekommunikasiya Operatorunun baş direktoru Ramazan Vəliyev “APA-Economics”ə acıqlamasında bildirib ki, hazırda internetlə yaşanan problem “Aztelekom” dövlət operatorunun internet şəbəkəsində olan konfiqurasiya problemi ilə əlaqədardır ki, onun aradan qaldırılmasına “Juniper Networks” və “Delta Telecom” şirkətlərinin mütəxəssisləri cəlb olunub.

Onun sözlərinə görə, ötən gün saat 21.00 radələrində Bakı ərazisində, Heydər Əliyev Mərkəzinin yanında zədələnən kabel bərpa olunub.

“Kabel bərpa olunanadək isə bizim mütəxəssislər kəsinti yaranmasın deyə, başqa optik kabel üzərindən şəbəkənin fəaliyyətini bərpa etdilər. Vaxtilə bu ərazilərdə yenidənqurma işləri aparan təşkilat həm bizim, həm “Baktelekom”un kabellərinin üstündə olan bütün qoruyucuları söküb dağıtmış, kabellər faktiki olaraq zədəyə davamlılığın itirmişdi. “Aztelekom”da hazırda yaşanan problem konfiqurasiya problemi ilə əlaqədardır. Baxmayaraq ki “Aztelekom” ayrı kabellə ikinci ehtiyat şəbəkəyə qoşulub, yaşanan problem məhz bu qəza şəraitdə üzə çıxdı”, – deyə R. Vəliyev qeyd edib.

Şirkət rəhbəri əlavə edib ki, hazırda “Delta Telecom”un bir “backbone”u ATS 66-da, digəri isə şirkətin ərazisində yerləşir.

“Hansı provayderin hər iki “backbone”la əlaqəsi varsa, kabel qırılması olsa belə, o provayderlərin şəbəkələrində heç vaxt dayanmalar olmayacaq. Misal olaraq “KATV1” dünən problem yaşadı. Çünki bu şirkət yalnız bir istiqamətdən “Delta Telecom”a qoşulub. Bununla bağlı biz bu şirkətə dəfələrlə xəbərdarlıq etmişik. Hazırda “20 Yanvar” metrostansiyasının yaxınlığında genişlənmə işləri aparılır. Bu ərazidə rabitə xətləri yerləşir. Əgər təsadüfən yenə kabel zədələnsə, “KATV1” yenə də problemlə üzləşəcək”, – deyə R. Vəliyev bildirib.

Əvvəlki məqaləBərbər və taksi sürücülərinə bu güzəştlər ediləcək
Növbəti məqaləİnsan alveri qurbanı olan şəxslərdən dövlət rüsumu alınmayacaq