“Ötən il insan hüquqlarının etibarlı və səmərəli müdafiəsi baxımından uğurlu olub”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında Ombudsman Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsini (2019-cu il) təqdim edərkən bildirib.
S. Əliyeva deyib ki, Ombudsmana daxil olan müraciətlərə baxılıb, cavablandırılıb: “Ombudsman müvafiq təklifləri təqdim edib. Əlilliyin qiymətləndirilməsi ilə bağlı təklif də həllini tapmalıdır”.
Ombudsman nəzərə çatdırıb ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlar da nəzərə alınaraq, pulsuz dərman siyahıları yenidən nəzərdən keçirilməlidir: “Araşdırmalar göstərir ki, məktəbəqədər təhsil müəssisələrdə yerlər yetərincə deyil. Məktəbəqədər hazırlığa getməyən uşaqların birinci sinfə qəbuluna mane yaradılmasa da, bu sahədə problemlər var. Respublikanın müxtəlif şəhər və rayonlarında çoxsaylı məktəb tikilib. Bununla yanaşı, hazırda həm paytaxtda, xüsusən bölgələrdə, kəndlərdə bəzi məktəblər təhsil üçün yararsızdır. İstilik təchizatındakı problemlər də uşaqların səhhətinə mənfi təsir göstərir”.
S. Əliyeva Bakıda sənədsiz evlər, o cümlədən yeni tikilən binalarda kommunal xidmətlərdə bağlı problemlərə də toxunub: “Hər hansı tikilinin qanunsuz olması yalnız məhkəmə qərarı ilə müəyyənləşə bilər. Vətəndaşa məxsus hər hansı tikilinin, o cümlədən torpağın qanunsuz alınması yolverilməzdir”.