Əqli mülkiyyət hüquqlarının qorunması üzrə qanunvericilik hazırlanır

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları üçün “Kontrafakt məhsulların müəyyən edilməsi” mövzusunda onlayn seminar keçirilib. Əqli mülkiyyət sahəsində ixtisaslaşan “Schmitt & Orlov İntellectual Property” beynəlxalq şirkəti tərəfindən keçirilən seminarda Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumlarının 20-dən çox əməkdaşı iştirak edib.

Bu barədə “Report” DGK-ya istinadən xəbər verir.

Seminarın açılışında çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov “Schmitt & Orlov İntellectual Property” beynəlxalq şirkətinin təmsilçilərinə təşəkkürünü bildirib. Komitə sədrinin müavini Vətən müharibəsində ölkəmizin qələbəsindən danışıb və vurğulayıb ki, Azərbaycan ordusunun bərqərar etdiyi tarixi ədalət, həm də regional inkişafın sürətlənməsinə münbit şərait yaradacaq.

C.Qasımov Dövlət Gömrük Komitəsinin əqli mülkiyyət hüquqlarının qorunmasına xüsusu önəm verdiyini bildirib, bu sahədə qanunvericilik bazasının işlənib hazırlanması, əməkdaşların potensialının gücləndirilməsi və atılan digər addımlar barədə məlumat verib, seminarın faydalı olacağına əminliyini ifadə edib.

Daha sonra “Schmitt & Orlov İntellectual Property” beynəlxalq şirkətinin nümayəndələri tərəfindən əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı beynəlxalq brendlərin nümunələri əsasında xüsusi təqdimatlar nümayiş etdirilib və iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Əvvəlki məqaləKişilərin hüquqları ilə əlaqədar qanunvericiliyə dəyişiklik təklif olunur
Növbəti məqaləSeksual qısnamaya görə sanksiyaların müəyyən edilməsi təklif olunur