Əlilliyi olan şəxslərlə bağlı BTM-nin komitəsinə qanun layihəsi təqdim edilib

Fevralın 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

“APA-Economics” xəbər verir ki, iclasda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi müzakirə olunub.

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, layihənin əsas məqsədi əlillərin sosial müdafiəsi, onların hüquqların qorunması, onların cəmiyyətə tam inteqrasiyasıdır.

H. Rəcəbli qeyd edib ki, bütövlükdə bu layihə tələblərə tam cavab verir.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov isə bildirib ki, bu qanun layihəsi ilk dəfə olaraq Azərbaycan tərəfindən BTM-nin xüsusi komitəsinə təqdim edilib.

“Bu təcrübə konvensiyasını ratifikasiya etmiş ölkələrə nümunə kimi təqdim olunub. Həmin komitənin rəy təklifləri də nəzərə alınıb. Bundan başqa, Avropa Sosial Xartiyası ilə müzakirələr aparılıb. O cümlədən, UNICEF-lə əməkdaşlıq edirik. Ümumilikdə, bu gün yeni layihədə hüquq və azadlıqlarının tam bərabər səviyyədə həyata keçirilməsi yer alıb,” – deyə N. Məmmədov qeyd edib.