Amnistiyanın tətbiqi qaydaları məlum olub

Amnistiyanın tətbiqi qaydaları məlum olub.

“Report”un xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzası ilə parlamentə daxil olan “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərar layihəsində əksini tapıb.

Amnistiya Azərbaycan Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası Məcəllələrinin tələblərinə uyğun olaraq aşağıdakı orqanlar tərəfindən tətbiq edilir:

Cəzaçəkmə müəssisələri;

İntizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı;

İcra məmurları;

Təhqiqat və ya ibtidai istintaq orqanları;

məhkəmələr;

Bu qərarın 23.1 – 23.4-cü bəndlərində nəzərdə tutulmuş orqanlar amnistiyanın tətbiq edilməsi barədə qərarların müvafiq prokurorların razılığı ilə qəbul etməlidirlər.

Təhqiqat və ya ibtidai istintaq orqanları aministya tətbiq edərkən Azərbaycan Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş cinayət təqibinə xitam verilməsi qaydalarına riayət etməli, o cümlədən Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 41.12-ci maddəsinə müvafiq olaraq barəsində aministya tətbiq olunacaq şəxslərin razılığını almalıdırlar.

Bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 5-ci və 6-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində aministyanın tətbiq edilməsi məsələsinə həmin məhkumların üzərində nəzarəti həyata keçirən orqanların müraciəti əsasında məhkumun yaşayış yeri üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır.

Bu Qərarın 4-cü hissəsində nəzərdə tutulan şəxslər barəsində aministyanın tətbiq edilməsi məsələsinə həmin məhkumların cəza çəkdikləri cəzaçəkmə müəssisələrinin müraciəti əsasında cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır.

Birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır.