Vergi ödəyicilərinin sayı açıqlanıb

“Hazırda ölkəmizdə 917 min vergi ödəyicisi var, onların 30 mini ƏDV, qalanları isə sadələşdirilmiş vergi ödəyiciləridir”.

“APA-Economics”in məlumatına görə, bunu Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində qeydiyyatda olan 300-dən artıq sahibkarın iştirakı ilə keçirilən görüşdə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, ƏDV ödəyicilərinin dövlət büdcəsinə ödədiyi vergilərin həcmi ümumi vergi daxil­olmalarının təxminən 1/3-ni təşkil edir. Nazir müavini qeyd edib ki, sadələşdirilmiş vergi ödəyicilərinin ödədiyi vergilərin həcmi ötən il 371,5 mln. manat olub və bu, ümumi vergi ödəmələrinin 5,3%-i deməkdir: “İnkişaf etmiş ölkələrin əksəriyyətində bu rəqəm bir neçə dəfə yüksəkdir. Ona görə də kiçik sahibkarlığın inkişafı daha da gücləndirilməli, bu kateqoriyaya aid sahibkarların ödədikləri vergilərin həcmi artmalıdır. Büdcəyə ödənilən vergilərin həcminin artması ölkədə yaşayan hər bir vətəndaşın rifah halının daha da yaxşılaşmasında mühüm əhəmiyyətə malikdir. Ödənilən vergi müəllimin, həkimin, torpaqlarımızın müdafiəsini təmin edən əsgərlərin təminatının gücləndirilməsinə, vətəndaşlarımızın layiqli həyat şəraiti ilə təmin olunmasına sərf edilir. Ona görə də cəmiyyətin hər bir üzvündə könüllü vergiödəmə mədəniyyəti formalaşmalı, bu, insanların daxilindən gələn vərdişə çevrilməlidir”