Milli Məclis qazla bağlı cərimələrin artırılmasını təsdiqlədi

Azərbaycanda qaz təchizatı ilə bağlı tələblərin yerinə yetirilməməsinə görə cərimələr artırılır.

“Report”un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermədiyinə görə ətraf mühitə, insanların sağlamlığına və ya əmlakına təhlükə törədən qaz qurğularının və qazla bağlı fəaliyyətlərin dayandırılması və müəyyən olunmuş müddətə qaydaya salınması barədə qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qərarlarının yerinə yetirilməməsinə görə, fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək məbləğdə cərimə ediləcək.

Hazırkı qanunvericiliyə əsasən isə qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə olunur.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Əvvəlki məqaləQaz xəttinə qanunsuz qoşulanlara və sayğaca müdaxilə edənlərə cinayət işi açılacaq
Növbəti məqaləİşəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyəti