Vəkilliyə namizədlər üçün icbari təlim başlayıb

Aprelin 2-də Ədliyyə Akademiyasında yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış vəkilliyə namizədlərlə bir ayadək davam edəcək icbari təlimə başlanılıb. Bu barədə AZƏRTAC-a Vəkillər Kollegiyasından  bildiriblər.

Məlumatda deyilir ki, təlim zamanı onların lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetiriləcək, insan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzular nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunacaq.

İcbari təlimin birinci günündə namizədlərlə keçirilən görüşdə Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov çıxış edərək vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyətindən danışıb. Vəkillər Kollegiyası ilə birgə hazırlanmış tədris proqramının məzmun baxımından yeniliklərlə zəngin olması barədə namizədlərə məlumat verib və onlara uğurlar arzulayıb.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxışında ölkəmizdə vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən və gələcək planlardan danışıb. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının əhəmiyyətini xüsusi vurğulayan A.Bağırov bu çərçivədə ölkəmizdə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmini qeyd edib. Kollegiyanın sədri vəkilliyə qəbulla bağlı keçirilən ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərindən uğurla keçmiş namizədləri bu münasibətlə təbrik edərək, hazırki icbari təlimin vəkilliyə namizədlərin gələcək peşə fəaliyyəti üçün əhəmiyyətini vurğulayıb. Bildirib ki, əvvəlki illərdə keçirilmiş icbari təlimlərdən fərqli olaraq, bu dəfə təlimçilərin tərkibi əsasən peşəkar vəkillərdən komplektləşdirilib. İlk dəfə olaraq namizədlər üçün təcrübi dərslərin keçirilməsi, habelə muzeylərə və digər mədəni obyektlərə səfərlərin təşkili nəzərdə tutulub.

Vəkillər Kollegiyasının sədri A.Bağırovun vəkillik etikası mövzusunda mühazirəsi dinlənilib.

Sonda vəkillik etikası ilə bağlı namizədlərin sualları cavablandırılıb.