Hüquqi şəxslərlə bağlı bu məsələ müəyyənləşir

Hüquqi şəxsin əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış hesab edilməsinə görə müddət müəyyənləşir.

“Report”un xəbərinə görə, bu, sentyabrın 22-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılmış Cinayət Məcəlləsində dəyişiklikdə əksini tapıb.

Dəyişikliklə məcəlləyə yeni 99-10-cu maddə (Hüquqi şəxsin əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış hesab edilməsi üçün tələb olunan müddət) əlavə edilib.

Yeni maddəyə əsasən, hüquqi şəxs aşağıdakı hallarda əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış hesab ediləcək:

1. Böyük ictimai təhlükə törətməyən cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən 1 il keçdikdə;

2. Az ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən 2 il keçdikdə;

3. Ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən etibarən 6 il keçdikdə;

4. Xüsusilə ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən etibarən 8 il keçdikdə;

Məcəlləyə dəyişiklik layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.