KİV-də sponsor reklamı ilə bağlı qaydalar dəyişdirilir

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Reklam haqqında” qanuna bir müddət əvvəl edilmiş dəyişikliyə əsasən “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, komitə rəhbəri Bahar Muradovanın sədrliyi ilə keçən iclasda Milli Məclisin şöbə müdiri Mirhəşim Seyidov layihə barədə məlumat verib.

İclasda ekspert kimi iştirak edən “APA Holding” MMC-nin prezidenti Vüsalə Mahirqızı bildirib ki, “Reklam haqqında” qanuna dəyişiklik gündəmə gələndə təkliflərlə çıxış ediblər: “Təşəkkür edirik ki, Milli Məclis o təklifləri nəzərə aldı. Hazırda isə müzakirə olunan layihə tamamilə lazımlı bir dəyişiklərdir. Xüsusilə reklamı qadağan edilmiş malların istehsalı və ya satışı ilə məşğul olan şəxslərin sponsor ola bilməməsi tamamilə haqlı dəyişiklikdir. Çünki bir müddət əvvəl reklamı məhdudlaşdırılan spirtli içki və tütün məmulatları şirkətlərinin sponsor olması həqiqətən də düzgün deyil”.

O, həmçinin digər dəyişikliyi – dövri mətbu nəşrlərdə yayımlanan elanlarda, anonslarda əmtəə nişanının, reklamvericinin, sponsorun adının və loqosunun yerləşdirilməsi ilə bağlı dəyişikliyi də təqdir edib: “Çünki təbii olaraq reklam xarakterli press-relizlər xüsusi işarə ilə təqdim olunmalıdır”.

V. Mahirqızı 45-ci maddədə edilən əlavəyə isə (Haqsız, qeyri-dəqiq və gizli reklam “Reklam haqqında” qanunun tələbləri nəzərə alınmaqla təkzib olunur) iradını bildirib: “Burada haqsız reklam ifadəsi qeyd olunur ki, məncə bu bir qədər yanlışdır. Çünki haqsız reklam olmur ki, mətbu orqan da ona görə təkzib versin. Kimsə bizə reklam xarakterli material veribsə, niyə biz onun əvəzinə təkzib verməliyik? Məsələn, bu gün televiziyalarda tibb verilişlərində bir həkim çıxıb bir neçə dəfə ən yaxşı həkim kimi təqdim olunursa, dərhal cəmiyyətdə hər kəs onu ən yaxşı kimi qəbul edir. Halbuki, bu, digər həkimlərə qarşı haqsızlıqdır. Amma burada televiziyanın günahı yoxdur. Çünki o həkimin mənsub olduğu tibb müəssisəsi sponsordur və təbii ki, aparıcı da həmin tibb müəssisəsinin həkimini ən yaxşı həkim kimi tamaşaçılara təqdim edəcək. Eyni zamanda burada gizli reklam ifadəsi qeyd olunur ki, bu da dəqiq ifadə deyil. Gizli reklamı necə təyin etmək mümkün olacaq? Məsələn, bugünkü iclasda masada istifadə olunan su qablarının məxsus olduğu şirkət çəkiliş zamanı dərhal reklam olunur. Bunu indi iclası çəkən mətbuat orqanı o qabın üzərini bağlaya da, yaxınlaşdırıb hiss olunmadan aydın çəkə də bilər. Yaxud mən burada görürəm ki, Milli Məclis bu sulardan istifadə edir, dərhal düşüncəm ki, bu daha yaxşı sudur və öz şirkətimizdə də bundan istifadə edə bilərik. İndi necə müəyyən etmək olacaq ki, bu, gizli reklamdır, yoxsa yox? Ona görə də düşünürəm ki, bu bəndin işlək olması sual altında olacaq. Çox yaxşı olardı ki, gələcəkdə bu, nəzərə alınsın”.

V. Mahirqızı ümumilikdə layihəni müsbət qiymətləndirib.

Deputat Fazil Mustafa, Hikmət Məmmədov və Elman Nəsirov da V. Mahirqızının iradlarının nəzərə alınmasının vacibliyini qeyd ediblər.

Bahar Muradova isə bildirib ki, layihə “Reklam haqqında” qanuna edilmiş dəyişikliklərə uyğunlaşdırıcı xarakter daşıyır: “Ona görə də bunu tövsiyə edək, gələcəkdə təkliflərə təbii ki, baxmaq mümkün olacaq. Ümumilikdə isə Vüsalə xanımın reklamla bağlı etdiyi çıxışlarından yararlanmaq olar”.

Sonda layihə plenar iclasa tövsiyə olunub.

APA-nın məlumatına görə, layihəyə əsasən, 21-ci (Kütləvi informasiya vasitələrinə sponsorluq) maddənin birinci hissəsinin ikinci cümləsi dəyişdirilərək belə verilir: “Reklam haqqında” qanun ilə reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.

Cümlənin hazırda qüvvədə olan variantı isə belədir: “Reklamı qadağan edilmiş məhsulların istehsalçılarının və satışını həyata keçirən şəxslərin sponsorluğuna yol verilmir”. Maddənin beşinci hissəsi isə dəyişdirilərək belə verilir: “Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbu nəşrlərdə bu barədə məlumat çap olunmalıdır. Dövri mətbu nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanının, reklamvericinin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur”.

Hissənin hazırda qüvvədə olan variantı isə belədir: “Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbu nəşrlərdə bu barədə məlumat çap olunmalı, verilişlərin (proqramların) əvvəlində və sonunda firma nişanını göstərməklə, yaxud titrlər və ya diktor mətni vasitəsilə açıq informasiya verilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə sponsorun elan edilməsinin başqa üsulla da müəyyən edilə bilər”.

Eyni zamanda maddəyə aşağıdakı hissə əlavə edilir: “Sponsor reklamı “Reklam haqqında” qanuna uyğun olaraq yayımlanır.

Layihəyə əsasən qanunun 45-ci (Təkzib, cavab və düzəliş verilməsi qaydası) maddəsinə aşağıdakı hissə əlavə edilir: “Haqsız, qeyri-dəqiq və gizli reklam “Reklam haqqında” qanunun tələbləri nəzərə alınmaqla təkzib olunur”.