Milli Məclis torpaq icarəsi ilə bağlı qanuna dəyişiklikləri qəbul edib

Milli Məclis “Torpaq icarəsi haqqında” qanuna təklif edilən dəyişiklikləri I oxunuşda qəbul edib.

“Report” xəbər verir ki, dəyişiklik layihələri parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmək istəyən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (vasitəsilə elektron ərizə ilə müraciət edəcək. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstərilməlidir.

Layihə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi mexanizminin təkmilləşdirilməsi və müasir tələblərə uyğunlaşdırılması, habelə vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi və prosesin şəffaflığının artırılması baxımından qeyd edilən fəaliyyətin elektronlaşdırılmasını nəzərdə tutur.

Layihəyə əsasən, icarəçinin vəzifələri də artırılır. İcarəçinin vəzifələri sırasına icarəyə götürülmüş dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə görülən işlərə dair informasiya sisteminə məlumat təqdim etmək də əlavə edilir.