“Azərişıq”ın elektron hökumət portalında xidmətlərinin sayını artıracaq

“Artıq sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin verilməsi prosesində aparılan islahatlar öz bəhrəsini verməkdədir”.

“APA-Economics“in məlumatına görə, bunu Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov “Elektron hökumətlə bağlı “Azərişıq” ASC-də həyata keçirilən yeniliklər, bunun sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması və digər xidmətlərdə rolu” mövzusunda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Elektron hökumətlə bağlı imzaladığı fərman və sərəncamları fəaliyyətinin əsas aspektlərindən hesab edən “Azərişıq” ASC bu istiqamətdə ciddi işlər görüb.

O bildirib ki, hazırda “Azərişıq” ASC-də Prezident İlham Əliyevin bu ilin mart ayının 14-də imzaladığı “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” fərmana uyğun olaraq ciddi işlər həyata keçirilir: “Elektron xəritə də daxil olmaqla “Azərişıq” ASC-nin digər elektron xidmətlərinin elektron hökumət portalına qoşulması üçün tədbirlər görülür. Daha dəqiqi “Azərişıq” ASC-nin informasiya sistemləri və ehtiyatlarının elektron hökumət portalı ilə əlaqələndirilməsi üçün komponentlər yaradılır”.

O qeyd edib ki, bu səbəbdən də istismar müddəti bitməkdə olan informasiya texnologiyaları avadanlıqları daha müasir və yüksək parametrli avadanlıqlarla əvəzlənir, server, kompüter, şəbəkə və ümumilikdə maddi-texniki baza tələbata uyğun olaraq yenidən formalaşdırılır: “Sözsüz ki, bütün bunlar nəticədə ölkə başçısının “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” fərmanına uyğun olaraq elektron hökumət portalı vasitəsi ilə istər sahibkarların, istərsə də əhali abonentlərin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq daha çevik informasiya almasına, sosial xidmət təminatında dövlət qulluqçuları ilə vətəndaşlar arasında olan təmasın aradan qaldırılmasına, həmçinin prosedurları sadələşdirməyə və şəffaflığa xidmət edəcək”.