Azərbaycanda taksi sürücülərinə dair yeni tələblər III oxunuşda qəbul olunub.
“Report”un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliklə xüsusi hazırlığın təşkili və keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin ediləcək.
Xüsusi hazırlığın nəticələrinə dair daşıyıcılarla və ya sürücülərlə bağlanmış müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılmış qiymətləndirməyə əsasən 7 (yeddi) il müddətində etibarlı olan sənəd veriləcək. Qiymətləndirmənin aparılmasına görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərdə hərəkətin sürətinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq mümkün olacaq.
Bu məsələ də Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik layihəsində əksini tapıb.
Sənəddə deyilir ki, taksilərdə hərəkətə fasiləsiz olaraq nəzarət etmək üçün rəqəmsal taxoqraf cihazı quraşdırılmalıdır. Bu cihaz imkan verəcək ki, avtomatik rejimdə avtonəqliyyat vasitələrinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatlar fasiləsiz olaraq qeydə alınsın.
Bununla yanaşı, sürücünün iş və istirahət dövrlərinə dair məlumatların, habelə rəqəmsal taxoqrafla işləmək üçün tələb olunan digər məlumatların saxlanılmasını təmin etmək üçün rəqəmsal taxoqraf kartının quraşdırılması təklif edilir.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
“Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik layihəsinə görə Azərbaycanda taksi kimi istifadə olunan bütün avtomobillərə taksometr quraşdırılacaq.
Sənəddə deyilir ki, minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gedişhaqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.