Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestrinin formalaşdırılması və aparılması nəzərdə tutulur.
“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nda öz əksini tapıb.
Bundan başqa, Strategiyanın əhatə etdiyi dövr ərzində aşağıda qeyd olunan hədəflərə nail olunması nəzərdə tutulur:
– informasiya təcavüzünə və həqiqətlərin təhrif edilməsinə, milli dəyərlərin pozulmasına aid təhdidlərin qarşısını ala bilən müasir texnologiyaların (o cümlədən süni intellektə əsaslanan texnologiyaların) işlənib hazırlanması üçün fəaliyyətin gücləndirilməsi;
– informasiya təhlükəsizliyi hadisələrinin monitorinqinin, insidentləri və kritik halları aşkarlama meyarlarının müəyyən edilməsinin və tətbiqinin təmin olunması;
– informasiya mühafizəsinin texniki, kriptoqrafik, proqram və digər vasitələr üzrə təminatının təkmilləşdirilməsi, bu sahədə yerli istehsalçıların inkişafına dəstək verilməsi;
– informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində startapların fəaliyyətinin genişləndirilməsi;
– informasiyalaşdırma obyektlərində, texniki xidmət və informasiya xidməti subyektlərində informasiya təhlükəsizliyini idarəetmə sistemlərinin (İTİS-lərin) formalaşdırılmasının, onların səmərəlilik səviyyələrinin ölçülməsinin təmin edilməsi;
– fərdi məlumatların mühafizəsinin gücləndirilməsi;
– İKT- xidmət subyektlərində fəaliyyətin təkmilləşdirilməsi;
– “ağıllı” sistemlərin təhlükəsizliyinin təkmilləşdirilməsi;
– mediada, o cümlədən milli rəqəmsal efir məkanında informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin davamlı təkmilləşdirilməsi;
– kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin təmini;
– fövqəladə hallarda, müharibə şəraitində kritik informasiya infrastrukturlarının təhlükəsizliyini və onun idarə edilməsini təmin etmək üçün təşkilati əsasların yaradılması;
– kibercinayətkarlığa qarşı mübarizə, o cümlədən kiberkriminalistika sahəsində fəaliyyətin gücləndirilməsi;
– informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində elmi tədqiqat və layihətəcrübə işlərinin real tətbiqləri nəticəsində rəqabətədavamlı məhsulların işlənməsi və hazırlanması;
– informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində fəaliyyət üçün kompetensiya (bilik, bacarıq və səriştə) tələbatları, tədris və təlim proqramları, maarifləndirmə materialları bazasının formalaşdırılması və aktuallığının davamlı təmin olunması;
– informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində kadr hazırlığının və informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış struktur bölmələrin müvafiq kadrlarla təminatının gücləndirilməsinin təmin olunması;
– informasiya təhlükəsizliyi sahəsində ali təhsil almış məzunların ixtisası üzrə məşğulluq səviyyəsinin yüksəldilməsi;
– informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə ixtisaslaşan yeniyetmə və gənclərin təhdidlərdən mühafizəsinin təşkili;
– informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində qabaqcıl beynəlxalq hüquqi və texniki normativ alətlərin öyrənilməsi, informasiya təhlükəsizliyi və əlaqəli sahələrə aid beynəlxalq mənbələrin praktiki tövsiyələrinin təşviqi;
– cəmiyyətdə geniş maarifləndirmə və məlumatlandırma nəticəsində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin yüksəldilməsinin təmin edilməsi;
– internetdən gələn qlobal təhdidlərdən, zərərli informasiyalardan və yaranan fəsadlardan uşaqların mühafizəsi;
– informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması;
– informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə idarəetmə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi;
– informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması;
– informasiya təhlükəsizliyi üzrə beynəlxalq standartların ölkədə tətbiqinin genişləndirilməsi, o cümlədən müxtəlif standartlaşdırma təşkilatlarının məhsullarından ölkəmizdə vahid yanaşma ilə uyğunlaşdırılmış formada istifadənin təmin olunması və İnformasiya Təhlükəsizliyi üzrə Milli Standartların davamlı təkmilləşdirilməsi;
– informasiya təhlükəsizliyi sahəsində kadr hazırlığını təmin edən təhsil müəssisələrinin səmərəliliyinin artırılması, yeni təhsil mərkəzlərinin formalaşdırılması;
– informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə beynəlxalq şirkətlərlə birgə laboratoriyaların formalaşdırılması.