Qanunsuz parklanma xidməti göstərənlər həbs olunacaq

Azərbaycanda qanunsuz parklanma xidməti göstərənlər həbs olunacaq.

“Report” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

“Dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə cərimə müəyyən edilib.

Belə ki, qanunvericiliyə edilən dəyişikliklərə əsasən fiziki şəxslər 100-200 manat, vəzifəli şəxslər 300-500 manat cərimə edilir. Bu tədbirlər kifayət sayılmadıqda 15 günə qədər müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər isə 1 500-2 500 manat cərimə edilir.

Həmçinin ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə 20 manat cərimə müəyyən edilib”, – deyə məlumatda qeyd olunub.

“Ötən ilin avqust ayından parklanma məntəqələri və yerlərinin təşkili üzrə işlərin icrasına başlanılıb. AYNA parklanmanın proqram təminatı və SMS vasitəsilə idarə edilməsi, həmçinin fərdi parklanma talonlarının tam elektron şəkildə verilməsi məqsədilə sistem istifadəyə verib. Bu sistem geniş istifadə olunur və parklanmanın yeni paradiqmasını yaradıb. Qanunvericiliyə edilmiş dəyişikliklər sistemin daha da təkmilləşdirilməsinə xidmət edəcək”, – deyə AYNA bəyan edib.