Məktəb direktorlarının seçimi başlayır

Təhsil Nazirliyi direktor vəzifəsinə qəbul üzrə müsabiqəyə başlayır.

Nazirliyin məlumatına görə, dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə elektron sənəd qəbulu noyabrın 5-də başlayacaq. Sənəd qəbulu noyabrın 9-dək davam edəcək.
Direktorların işə qəbulu mərkəzləşdirilmiş və elektron qaydada müsabiqə yolu ilə keçirilməlidir. Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarət olmalıdır.

Müsabiqədə pedaqoji və ya idarəetmə sahələri üzrə alitəhsilli, 5 ildən az olmayaraq pedaqoji stajlı, hazırda ümumi təhsil müəssisələrində fəaliyyət göstərən şəxslər iştirak edə bilərlər.

Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə 700-ə yaxın vakant yerin çıxarılacağı bildirilir.
Verilən məlumatlara görə, bütün regionlar üzrə vakant yerlər mövcuddur və ən çox boş qalan direktor yerləri cənub zonasının payına düşür.

Xatırlatma

Rəsmi məlumatlara görə, 2014-cü ildən indiyədək 800-ə yaxın məktəb direktoru müsabiqə yolu ilə seçilib. Onlardan 700-dək şəxs regionlarda yerləşən ümumtəhsil məktəblərinə, təqribən 100 namizəd isə Bakı şəhəri üzrə məktəblərə yerləşdirilib. (Azadlıq Radiosu)