İqtisadçı: Təbii qaz istehlakı ilə bağlı limit aradan qaldırılmalıdır

Qaz üzrə artırılmış limitdən istifadə qaydaları bəlli olub

Mayın 1-dən 1,8 milyondan artıq abonent (7 milyondan çox vətəndaş) qaz istehlakından aşağı tariflə yararlanacaq.

Bu barədə “Report”a Tarif (qiymət) Şurasının katibi Ceyhun Nəcəfov bildirib. Deyib ki, əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70 faizdən 85 faizədək artacaq:

“Təbii qazdan güzəştli tariflə istifadə limitinin artırılması ilə əlaqədar olaraq yaranmış fərq bütünlükdə dövlət tərəfindən qarşılanacaq. Artırılmış limitin tətbiqinə gəlincə, hesablaşma 1 yanvar 2019-cu ildən etibarən istifadə olunan təbii qazın həcminə uyğun olaraq həyata keçiriləcək. Məsələn, abonent 1 may 2019-cu ilədək 1400 kub qaz istehlak edib. Bu halda, o, ilin sonunadək daha 800 kub təbii qazı aşağı tariflə (1 kub m üçün 10 qəpik) istifadə edə biləcək”.

C.Nəcəfov bildirib ki, abonent bu tarixədək əvvəlki limiti (1700 kub m) ötübsə, yeni limitədək olan hissə üçün ödədiyi vəsait də nəzərə alınacaq:

“Əgər abonent il ərzində müəyyən olunan yeni limitdən (2200 kub m) artıq təbii qaz istifadə edərsə, bu halda, hesablaşma yeni limitdən artıq hissə üçün 1 kub m X 20 qəpik olmaqla həyata keçiriləcək”.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu qaz təminatında limitə dair təkliflərlə çıxış edib. Deyib ki, nəhayət, erməni kilsələrini pulsuz olaraq qazla təmin edən hakimiyyət azərbaycanlılara baha qiymətlə satılan qazın limitnini 500 kubmert yuxarı qaldırılıb:

“İstənilən halda təqdir edirəm, çünki iqtisadçıların əhaliyə satılan qaz lmitinin ləğv edilməsi ilə irəli sürdüyü təklifə gec də olsa reaksiya verildi: limit 1700 kubmetrdən 2200 kubmetrə qədər artıırıldı. Bununla bağlı mən də dəfələrlə çıxış edərkən mövcud limitin problemlərindən bəhs etmişdim. Bu qış mövsümündə aldığım çoxsaylı mesajlardan bəlli olurdu ki, bir çox rayon qazla təchiz olunsa da, xüsusilə kəndlərdə nəinki evləri, hətta məktəbləri belə sobalarda təzək yandırmaqla qızdırıblar. Bu da “Azərbaycanın regionlarının 95 faizi qazla təmin olunub” deyənlərin gördükləri işə istehza yaradırdı. Nə olsun ki, qazlaşma yüksək səviyyədir, onun pulunu ödəməyə xüsusilə də regionlarda yaşayan sıravi azərbaycanlıların maddi imkanı çatmırdı”.

İqtisadçı xatırladıb ki, Azərbaycan Respublikası Tarif Şurasının 2016-cı il 22 dekabr tarixli, 19 nömrəli qərarına uyğun olaraq 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanırdı və hər ilin sonunda təyin olunmuş limit sıfırlanırdı:

“Elektrik enerjisinin aylıq istehlak həcmi 300 kilovat-saata qədər olanda 1 kvtsaatın qiyməti 7 qəpik, ondan çox olan hissəsi üçünsə 11 qəpik müəyyənləşdirilib. Məncə, qaz limiti tamam ləğv edilməlidir. Hesab edirəm ki, xüsusilə də region əhalisi üçün bu vacib məsələ növbəti qış mövsümünə qədər həllini tapmalıdır. Yalnış siyasətə görə “Azəriqaz” son 2 ildə 1700 kub metrdən yuxarı qaz istehlak edənlərin ödənişlərini ya geri qaytarmalı, ya da cari və növbəti ilin ödənişlərindən çıxmalıdır”.

İqtisadçı deyir ki, eyni yanaşma elektrik enerjisini istehlak edən əhali qrupuna da şamil edilməli və istehlakçılar üçün limit aradan qaldırılmalıdır:

“Bu təkliflərin reallaşması həm qaz və həm də elektrik enerjisi sistemində limitlə bağlı olan korrupsiya hallarının aradan qalxmasına da töhfə olardı”.

Aprelin 30-da Tarif (qiymət) Şurası əhali qrupu üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi 500 kubmetr artırdı. Bundan sonra əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetr yox, 2200 kubmet olacaq.

2016-cı il fevralın 28-də Tarif Şurası qazın və elektrikin qiymətini qaldırmışdı. Həmin qərarda qeyd edilirdi ki, illik istehlak həcmi 1500 kubmetrədək (sonra həmin il dekabrın 22-də bu 1700-ə qaldırıldı) olan istehlakçılardan ötrü qazın qiyməti dəyişdirilmir və bir kibmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanır.

Ancaq illik istehlak həcimi 1500 (1700) kubmetri aşan hissəyə bir kubmetrə görə, qiymət 20 qəpik müəyyən edilir. Tarif Şirası aprelin 30-da verdiyi qərarla bu limiti 1700-dən 2200 kubmetrə qaldırıb.

Elektridə isə limit olduğu kimi qalıb. 2016-cı ildə Tarif Şurası 250 kilovat-saata kimi (sonra 300-ə qaldırldı) elektrikin qiyməti də dəyişmədən 7 qəpik saxlamışdı.

Aylıq istehlak həcminin qeyd edilən rəqəmdən çox olan hissəsindən ötrü isə 11 qəpik müəyyən edilmişdi. (Meydan TV)