Auditor bələdiyyəni məhkəməyə niyə verib?

Azərbaycan Auditorlar Palatasının Şura üzvü Qulu Soltanov Abşeron rayon Mehdiabad Bələdiyyəsini məhkəməyə verib.

“Report”un xəbərinə görə, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Q.Soltanov Abşeron rayonu Mehdiabad bələdiyyəsi ilə aralarında bağlanmış 05.06.2016-cı il tarixli 53 saylı audit xidməti göstərilməsi barədə müqavilə üzrə 4000 manat xidmət haqqının, eyni zamanda müqavilə şərtinə uyğun olaraq 21520 manat pulun ödənilməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edib ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır.

Belə ki, iddia ərizəsinə onun surətinin cavabdeh tərəfindən alınmasını təsdiq edən heç bir sübut əlavə olunmayıb.

Qərara əsasən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılıb.

İddiaçı Q.Soltanova izah olunub ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etməyə mane olmur.

Qeyd edək ki, Q.Soltanov Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. O, 2005-ci ildən Azərbaycan Auditorlar Palatasının Şura üzvüdür. Azərbaycanda bir neçə bank auditindən biridir və həmçinin bir neçə kitabın və dərsliyin müəllifidir.