Kimlər vəkil ola bilər?

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna əsasən ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Kollegiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs vəkil ola bilər.

Normanın məzmunundan da göründüyü kimi vəkil olmaq üçün yazılı test və şifahi müsahibədən ibarət olan ixtisas imtahanı verilir. Lakin elə hallar var ki, yazılı test, şifahi müsahibə və icbari təlimdən keçmədən də vəkil ola bilinər. Belə ki, əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər. Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş, qanunvericiliklə müəyyən edilmiş qaydada alınan tibbi rəyə əsasən əqli qüsurlarına görə vəkillik fəaliyyətini həyata keçirməyə qadir olmayan, qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər vəkil ola bilməzlər.

Dövlət qulluğunda çalışan şəxslər yalnız tutduqları vəzifədən azad edildikdən və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunla müəyyən edilmiş qaydada vəkil statusu əldə etdikdən sonra vəkillik fəaliyyəti ilə məşğul ola bilərlər. Vəkil dövlət qulluğuna qəbul edildikdə onun vəkillik fəaliyyəti dövlət qulluğundan azad olunanadək dayandırılır.

Vəkillər Kollegiyasına üzv qəbul olunmuş şəxs Kollegiyanın Rəyasət Heyətinin iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə bu məzmunda and içir: “Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi müstəqil olaraq şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm”.

Vəkillərin səlahiyyətləri and içdiyi andan başlayır və vəkillər həmin vaxtdan vəkil reyestrinə daxil edilirlər. Vəkillər andın mətninə imza edir və bu sənəd vəkillərin şəxsi işində saxlanılır.

Vəkillər mütəmadi olaraq müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində peşə hazırlığına və ixtisasının artırılmasına cəlb edilirlər.

Benefisiar.org

Oxunub: 1695

Əvvəlki məqaləDövlət qulluğunda inzibati rəhbər vəzifələri üzrə imtahan keçiriləcək
Növbəti məqaləVəkil vəkillikdən hansı hallarda uzaqlaşdırıla bilər?