Bank sirri pozulanda müştərilər nə etməlidir?

Azərbaycan təcrübəsində kredit müqavilələri ilə əlaqədar banklar və onların filialları tərəfindən müştərilərin bank sirri məlumatlarını pozması halları rast gəlinir. Bu hallarla bağlı qanunvericilik hansı tənzimləməni nəzərdə tutur?

Mülki Məcəllə“Banklar haqqında” Qanun bank sirrini mühafizə edir. Buna əsasən Bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir (Mülki Məcəllə, maddə 967.1). Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir (“Banklar haqqında” Qanun, maddə 41.1).

Bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə, habelə kredit bürolarına bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər (Mülki Məcəllə, maddə 967.2).

Bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər (Mülki Məcəllə, maddə 967.3).

Beləliklə, bank sirri sayılan məlumatların qanunsuz yayılması mülki hüquqi məsuliyyətə (delikt) səbəb olur. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (Mülki Məcəllə, maddə 1097.1).

Bu halda dəymiş zərər maddi və (və ya) mənəvi zərər qismində olacaq. Maddi zərərin vurulması və miqdarı müvafiq sübutlarla təsdiq edilməlidir. Mənəvi zərərin miqdarı isə işin hallarına görə işə baxan ümumiyurisdiksiyalı rayon məhkəməsi və ya kommersiya məhkəməsi tərəfindən müəyyən edilir.

Əgər sizə aid bank sirri məlumatlarının qanunsuz yayılması halları ilə rastlaşıbsınızsa, onda müvafiq hüquqi yardım alaraq işi bu halı məhkəmədə iddia qaldırmaqla mübahisələndirə bilərsiniz.

Benefisiar.org

Oxunub: 1246

Əvvəlki məqaləBu tikintilər üçün icazə tələb olunmur
Növbəti məqaləMəktəblərdə əyani tədris qismən bərpa ediləcək