Borc verilməsi və onun geri alınması ilə bağlı problemlər, onların həlli qaydası

Tələbə
Röya Mirtalıbova – Bakı Dövlət Universiteti, SABAH qruplarının Hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi

BORC MÜNASİBƏTLƏRİNİN HÜQUQİ TƏNZİMLƏNMƏSİNİN QƏDİM DÖVR ASPEKTLƏRİ

Azərbaycan dilinin izahlı lüğətində borca aşağıdakı kimi anlayış verilmişdir: “qaytarılmaq şərti ilə birindən alınan və ya birinə verilən pul və sairə; alacaq, verəcək”. Göründüyü kimi, borc münasibətləri sosial-məişət, işgüzar və s. sahələri əhatə etməklə olduqca geniş sferalarda təzahür edən çoxşaxəli və genişmiqyaslı münasibətlərdir. Məhz münasibətlərin genişaspektliliyi və təcrübədə meydana çıxan bir sıra problemlər bu münasibətlərə hüquq nöqteyi-nəzərindən yanaşmanı və hüquqi tənzimlənməni labüd etmişdir. Təsadüfi deyil ki, dünyanın əksər ölkələrinin qanunvericiliyində mühüm nəzəri-praktiki hissələrdən birini də məhz borc münasibətlərinin leqal tənziminə yönəlmiş normalar təşkil edir. Borc münasibətlərinin tarixi pulun tarixindən daha qədimdir, çünki mübadilə prosesi puldan əvvəl də mövcud idi. Bu münasibətlərin kökü e.ə. 3000-cü ildə Şumerdən başlayaraq qədim mədəniyyətlərə gedib çıxır. Borcun qaytarılması mümkün olmadığı təqdirdə borclu və onun həyat yoldaşı, uşaqları və ya qulluqçuları kreditor tərəfindən fiziki əməyi ilə zərərin əvəzini ödəyənə qədər “borc köləliyinə” məcbur edilirdi. Bu dövrdə meydana gələn Babil Qanunu bir sıra borc növləri də daxil olmaqla borcun qaytarılmasını ciddi qaydalarla tənzimləyirdi. Borc münasibətlərinin xüsusi qaydalarla tənzimlənməsi qədim Romada da özünəməxsus yöndəm almışdır. Məlumdur ki, bu dövrdə qullardan bir çox sahələrdə istifadə edilirdi. Bu dönəmdə “borc daşı” adlanan xüsusi bir mexanizm meydana gəlmişdir ki, o, mülkədarların öz təsərrüfatlarına yeni qullar cəlb etmələrinin ən geniş yayılmış forması kimi çıxış edirdi. Belə ki, orada mülkədarın kəndliyə verdiyi borcun məbləği və borcu hansı müddətə qaytarılmalı olduğu barədə məlumatlar öz əksini tapırdı.

ƏRƏB HÜQUQ SİSTEMİNDƏ BORC VƏ ONUN AZƏRBAYCAN HÜQUQ SİSTEMİ İLƏ ƏLAQƏSİ

VII əsr və VIII əsrin I yarısında Atlantik okeanından Hindistan və Çinə qədər uzanan geniş bir ərazini əhatə edən Ərəb dövləti yarandı. Müqəddəs kitablardan həm İncil, həm də Qurani-Kərim borclara faiz qoyulmasına qadağalar irəli sürürdü. İslam dini dövlət idaretməsinin təməlini təşkil etməklə ictimai münasibətlərin dövlət tənzimetməsinin əsası kimi çıxış edirdi. Hər mövzuda geniş və ətraflı izahat təqdim edən İslam, təbii ki, borc münasibətlərindən də yan keçməmişdir. Məsələn, Uca Allah bir ayədə belə buyurur: “Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın! Bunu (bu sənədi) aranızda bir nəfər katib ədalətlə yazsın!” Bu ayə günümüzdən çox-çox keçmişlərə aid olsa da, diqqətlə nəzər yetirsək, özündə məhz müasir dövrün hüquqi tənzimlənmə aspektlərini ehtiva edir: məsələn, borcun müəyyən müddətə verilməsinin mümkünlüyü (AR Mülki Məcəlləsinin 742-ci maddəsi), borc müqaviləsinin yazılı bağlanmasının şifahi formaya nisbətən üstünlüyü (AR Mülki Məcəlləsinin 740-cı maddəsi), şahidlərin sübutetməyə xidmət edən vasitə qismində çıxış etməsi və s.

BORC MÜNASİBƏTLƏRİNƏ MÜASİR HÜQUQ SİSTEMİNDƏN BAXIŞ

Zaman keçdikcə hüquqi tənzimlənmə vasitələri inkişaf etsə də, şübhəsiz ki, borc hüququ da daxil olmaqla mülki-ictimai münasibətlərin ən mükəmməl hüquqi tənzimi 27 dekabr 1999-cu ildə qəbul olunan və 1 sentyabr 2000-ci ildə qüvvəyə minən Azərbaycanın yeni Mülki Məcəlləsi ilə həyata keçirilmişdir. Bu Məcəllənin borc münasibətlərini tənzimləyən normaları XXXVII fəslin “Borc” başlığı altında ifadə olunan 739-746-cı maddələrində öz təsbitini tapmışdır. Məcəllə borc müqaviləsinin anlayışı, onun verilməsi, forması, borcun qaytarılma müddəti, xitamı və s. kimi məsələləri tənzimləməklə bir çox sferaları əhatə edir ki, bu da subyektlər arasında yaranan hüquq münasibətlərinin dəqiq, nizamlı, hərtərəfli hüquqi tənziminə imkan verir.

BORCDAN DOĞAN PROBLEMLƏR VƏ ONLARIN QARŞISININ ALINMASININ HÜQUQİ YOLLARI

Hər bir şəxs borc verib borc alaraq ən azı bir dəfə özü də hiss etmədən əslində hüquqi aspektdə borc münasibətlərinin subyekti olmuşdur. Bununla belə, hər bir dövrdə olduğu kimi müasir dövrümüzdə borcla bağlı yaranan problemlər geniş mübahisələrə yol açır və bir çox hallarda müqavilənin etibarsızlığı, borcun ödənilməsinin mümkünsüzlüyü və digər səbəblərdən dolayı həll olunmamış qalır ki, bu da mülki dövriyyədə subyektlərin hüquq və mənafelərinin pozulmasına gətirib çıxarır. Ümumiyyətlə, borc verib-almaqla bağlı gələcəkdə hər hansı problemin meydana çıxmasının qarşısını almaq üçün qanunvericilikdəki prosedurları və onlara əməl etməyin zəruriliyini vurğulamağı məqsədəmüvafiq hesab edirik:

1. Borc müqaviləsinin yazılı şəkildə bağlanması. Notariusa müraciət edərək notarial müqavilə bağlanması 3 əsas xüsusiyyətinə görə ən əlverişli üsul hesab olunur:

a). Borc alan şəxsin öz borcunu inkar etməsinə heç bir əsas vermir;

b). Məbləğ haqqında borc alan və borc verən arasında mübahisənin meydana çıxmasına imkan vermir;

c). Eyni zamanda notarial müqavilə bağlanması zamanı borc verən borc alan haqqında kredit bürolarının məlumatlar əldə etməsini mümkün edir.

2. Borc predmetini verməyin xüsusi üsulu. Notariusda müqavilə imzalayarkən verilən borcun şəxsin bank hesabına köçürmə yolu ilə ödənilməsi borc verənin riskini sıfıra endirir. Qanunvericiliklə nəzərdə tutulan bu prosessual norma məhkəmə mübahisələri zamanı həqiqətən həmin şəxsə nə qədər borc verilməsinin sübutu qismində çıxış edərək mübahisələrin qanunauyğun və ədalətli həlli üçün imkan təqdim edir;

3. Sübutların rolu. Məlumdur ki, sübutlar mübahisələr zamanı həlledici rola malikdir. Özü də dərhal qeyd edirik ki, söhbət qanunsuz olaraq əldə olunan sübutlardan deyil, qanunauyğun yolla əldə edilmiş sübut və dəlillərdən gedir. Əgər müqavilə yazılı deyil, şifahi formada bağlanmışdırsa, bunu bir neçə insanın şahidliyi ilə edilməsi məsələnin məhkəmə predmeti olması zamanı həmin şəxslərin şahid qismində çıxış etməsini mümkün edir ki, bu da mübahisənin ədalətli həllində mühüm rol oynayır. Bundan əlavə, telefon danışıqları və səs yazıları, SMS-lər və s. də sübut qismində çıxış etmək imkanına malikdir.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. 

Oxunub: 852

Əvvəlki məqaləTəhsil naziri vətəndaşlara müraciət etdi
Növbəti məqaləAlıcı ilə satıcının hansı hüquqları var?