Alıcı ilə satıcının hansı hüquqları var?

Alqı-satqı müqaviləsi nədir və alqı-satqı müqaviləsinin tərəfləri kimlərdir?

Alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin normaları ilə tənzimlənir.

Alq-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

Alqı-satqı müqaviləsinin tərəfləri satıcı və alıcıdır. Satıcı və alıcının qarşılıqlı hüquq və vəzifələri vardır.

Satıcının hüquqları hansılardır?

1)Alınmış əşyanın ödənilməsini tələb etmək;

2) Alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlaya bilmək;

Satıcının vəzifələri hansılardır?

1)Əşyanı alıcının mülkiyyətinə vermək.

2) Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. (Mülki Məcəllə, maddə 568.1).

3) Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (keyfiyyət sertifikatını, istismar təlimatını və s.) verməyə borcludur.( Mülki Məcəllə, maddə 568.2).

4) Satıcı müqavilədə razılaşdırılmış miqdarda əşyanı alıcıya verməlidir.

5) Satıcı alıcıya alğı-satqı müqaviləsinin komplektlilik haqqında şərtlərinə uyğun gələn əşya verməyə borcludur.( Mülki Məcəllə, maddə 590.1).

6) Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur (Mülki Məcəllə, maddə 581.1)

7)Satıcı alıcıya üçüncü şəxslərin üstün hüquqlarından azad əşya verməlidir.

Alıcının hüquqları aşağıdakılardır:

Alıcının hüquqları satıcının əşyanın verilməsi, malın çeşidi, miqdarı, ləvazimatı, keyfiyyəti, qablaşdırılması və s. vəzifələri ilə qarşılıqlı əlaqədə olur.

Alıcının vəzifələri hansılardır?

Alıcının iki əsas vəzifəsi vardır.

1) əşyanı qəbul etmək;

2) qəbul etdiyi əşyanın qiymətini ödəmək.

Alıcının əlavə vəzifələri hansılardır?

Malın qüsurları barədə satıcını məlumatlandırmaq.

Əşyanı sığorta etdirmək. Əşyanı sığorta etdirmək vəzifəsi müqavilə ilə hər iki tərəfin üzərinə qoyula bilər.

Alqı-satqı müqaviləsinə xitam verilməsi halları

Alıcı alqı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə və ya müqavilənin icrasından imtina edə bilər.

Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər.

Əgər alqı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır. (Mülki Məcəllə,maddə 577.2)

Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı Mülki Məcəlləsinin müvafiq maddələrində (624.1 və 624.3) göstərilmiş tələbləri irəli sürmək əvəzinə pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

Alqı-satqı müqaviləsinin predmeti kimi, mülki dövriyyədən çıxarılmamış istənilən əşyalar (daşnar və ya daşınmaz) çıxış edə bilər. Ümumiyyətlə, predmet haqqında razılaşma alqı-satqı müqaviləsinin yeganə mühüm şərti hesab edilir. Bu o deməkdir ki,alqı-satqı müqaviləsi tərəflər müqavilənin predmeti barəsində razılığa gəldikləri zaman bağlanmış hesab edilir.

Hazırladı: Rəvanə Mehdili – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi 

 

Oxunub: 1373

Əvvəlki məqaləBorc verilməsi və onun geri alınması ilə bağlı problemlər, onların həlli qaydası
Növbəti məqaləBaş nazir karantinlə bağlı qərar imzaladı