Sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla yaranır. Əşyaya faktiki sahibliyə nail olmaq o deməkdir ki, sahibliyin obyekti olan əşya onun sahibinin faktiki ağalığında olur, o, həmin əmlakı mühafizə edir, özününkü sayaraq başqalarının qəsdlərindən qoruyur. Həmçinin bunu da qeyd etmək lazımdır ki, sahiblik əmlaka qısa müddətli yiyələnməni deyil, stabil, müntəzəm, daimi yiyələnməni nəzərdə tutur. Sahibliyə əmlaka hər cür yiyələnmə deyil, yalnız qanuni yiyələnmə daxildir. Bu baxımdan mülki qanunvericilikdə qanuni və qeyri-qanuni sahiblik fərqləndirilir.
Qanuni sahiblik o deməkdir ki, şəxsin əşyaya sahibliyi qanuni əsaslardan irəli gəlir. Qanunsuz sahiblikdə şəxsin əmlaka sahiblik hüququ olmur və yaxud bu hüquq qanunsuz əsaslardan irəli gəlir.
Özgə əşyasının sahibi və öz əşyasının sahibi
Yaranma əsaslarına görə sahibliyin iki növü fərqləndirilir:
- şəxsin mülkiyyətində olan əşya üzərində sahibliyi;
- şəxsin başqasının mülkiyyətində olan əşya üzərində sahibliyi.
Öz əşyasının sahibi
Şəxsin öz mülkiyyətində olan əşya üzərində sahiblik hüququ mülkiyyət hüququ ilə üst-üstə düşür. Mülkiyyət hüququ – şəxsin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Daşınmaz əmlaklar dövlət qeydiyyatına alındıqda mülkiyyət hüququnun obyekti olur.
Özgə əşyasının sahibi
Özgə əşyasına sahiblik özü də iki növə bölünür: dövlət qeydiyyatından keçən və dövlət qeydiyyatından keçməli olmayan sahiblik. Dövlət qeydiyyatından keçməli olan özgə əşyası üzərində sahiblik hüququ dövlət qeydiyyatına alınmalıdır. Qeydiyyatdan keçməli olmayan sahiblik şəxsin əşyaya faktiki sahiblik anından yaranır və qeydiyyat tələb olunmur.
Sahibliyin verilməsi
Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Məsələn, əmlakı icarəyə verən icarə müqaviləsi qüvvədə olduğu müddətdə icarənin predmetini icarəçiyə satır. Bu hallarda satılan əmlak icarəçinin sahibliyində olduğuna görə həmin əmlakın təqdim edilməsinə lüzum qalmır.
Sahibliyin pozulması
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 164.1-ci maddəsinə görə sahibliyin pozulması qadağan edilmiş özbaşınalığın bir halıdır. “Qadağan edilmiş özbaşınalıq” ifadəsi sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma hərəkətlərini nəzərdə tutur. Sahiblik pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Sahibliyin pozulması dedikdə sahiblikdən məhrumetmə ilə bağlı olmayan hallar nəzərdə tutulur. Bu hallara sahiblik hüququnun normal həyata keçirilməsinə mane olan hallar daxildir.
Sahibliyin müdafiəsi
Sahibliyin müdafiəsi vasitələrini iki qrupa bölmək olar:
- hüquqdankənar müdafiə vasitələri;
- hüquqi müdafiə vasitələri.
Hüquqdan kənar müdafiə vasitələrində sahibin özünümüdafiə məqsədilə güc işlətmək ixtiyarı vardır. Məsələn, evində oğurluq edən şəxsi hadisə yerində tutan mülkiyyətçi güc işlətməklə əmlakı ondan ala bilər. Lakin bunu da qeyd etmək lazımdır ki, sahibliyin bərpası üçün gücün işlədilməsi və sivil üsul və vasitə hesab edilməyə bilər.
Sahibliyin hüquqi müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada səlahiyyətli dövlət orqanlarına müraciət etməklə həyata keçirilir. Məhkəmə müdafiəsi ən çox tətbiq edilən müdafiə üsuludur. Sahibliyin pozulmasına səbəb olan hallara son qoyulması barədə iddiaların verilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
- pozucunun hərəkətləri sahibliyin həyata keçirilməsinə mane olmalıdır;
- bu hərəkətlər qanunsuz olmalıdır;
- qanunsuz hərəkətlər məhkəmədə iddia qaldırılanda mövcud olmalıdır, yəni davam etməlidir.
Əgər sahibliyin həyata keçirilməsinə mane olan hərəkətlər məhkəmədə iddia qaldırıldıqda artıq dayandırılmış olarsa, hüququ pozulmuş sahib pozucudan qanunsuz hərəkətlər nəticəsində ona vurulmuş zərərin ödənilməsini tələb edə bilər.
Hazırladı: Rüxsarə Məmmədova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi