Notarius hansı hərəkətləri yerinə yetirir?

“Notariat haqqında” Azərbaycan Respublikası Qanunununa uyğun olaraq notarius aşağıdakı notariat hərəkətlərini aparır:

  • əqdləri və etibarnamələri təsdiq edir;
  • vərəsəlik hüququ haqqında şəhadətnamələr verir;
  • ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir;
  • sənədlərdəki imzaların hәqiqiliyini təsdiq edir;
  • sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir;
  • sübutları təmin edir.

Notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün kömək göstərməlidir. Həmçinin hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir.

Notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi, fəaliyyət qabiliyyətinin və imzalarının həqiqiliyinin yoxlanılması

Notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər.

Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır.

Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır.

Notariat qaydasında təsdiq edilməli olan sənədlər notariat hərəkətlərini yerinə yetirməyə səlahiyyətli olan şəxsin iştrakı olmadan imzalana bilərmi?

Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə onun iştirakı ilə və notariusun, yaxud notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir.

Aşağıdakı hallarda notarius notariat hərəkətlərini aparmaqdan imtina etməlidir:

  • hərəkətin aparılması qanuna zidd olduqda (saxta üsullarla hazırlanmış sənədlərin notarius tərəfindən təsdiqlənməsi) Belə olan halda həm notarius, həm saxta üsulla sənəd hazırlayan şəxs qanuna müvafiq olaraq məsuliyyət daşıyacaq.
  • hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda
  • əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda və.s

Qanun pozuntusunu aşkara çıxardıqda notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin gördükləri tədbirlər

Notarius və ya notariat hərəkətini aparan digər vəzifəli şəxs belə hərəkəti apararkən qanun pozuntularını aşkara çıxardıqda bu barədə tədbir görülmək üçün əlaqədar idarəyə, müəssisəyə, təşkilata və ya prokurora xəbər verməlidir.

Təqdim olunmuş sənədin həqiqiliyi şübhə doğurduqda, notarius və ya notariat hərəkətini aparan digər vəzifəli şəxs bu sənədi ekspertizaya göndərməlidir.

Hazırladı: Rüxsarə Məmmədova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi

Hüquqşünas
Rüxsarə Məmmədova

Oxunub: 558

Əvvəlki məqaləİctimai ferma yaradılacaq
Növbəti məqaləDYP sürücülərə xəbərdarlıq etdi