Vətəndaşlığın əldə edilməsi və xitam olunması

Vətəndaşlıq şəxs və dövlət arasındakı daimi siyasi və hüquqi əlaqədir.

Vətəndaşlığın əldə edilməsi yolları aşağıdakılardır:

Filiasiya– bu vətəndaşlığın anadangəlmə əldə edilməsidir. Burada əsas olaraq iki prinsip mövcuddur: qan hüququ (ius sanquini) və torpaq hüququ (ius soli).

Qan hüququ prinsipinə görə şəxs hansı dövlətin vətəndaşından doğulubsa həmin dövlətin vətəndaşı sayılır. Torpaq hüququ prinsipinə görə isə şəxs harada doğulursa oranın vətəndaşlığını əldə edir. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

Naturalizasiya– fərdin könüllü olaraq bir dövlətin vətəndaşlığını qəbul etməsinə deyilir. Naturalizasiya qaydasında vətəndaşlıq əldə etmək üçün şəxs dövlətin qanunvericiliyində qeyd edilən müxtəlif şərtlərə əməl etməlidir. Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Bu şərtlər Azərbaycan Respublikasının vətəndaşlığının naturalizasiya qaydasında əldə edilməsi üçün nəzərdə tutulub.

Optasiya- yaranmış ikili vətəndaşlıqdan birininin seçilməsidir. Optasiya bir şəxsin yaranmış ikili vətəndaşlığını müəyyən edir.

Transfert- ərazilər dəyişərkən, yəni bir dövlətdən digərinə keçərkən həmin ərazidə yaşayan əhalinin vətəndaşlığının müəyyən olunmasıdır. Transfert hamıya aid edilir.

Azərbaycan Respublikasında vətəndaşlığın əldə edilməsi əsasları aşağıdakılardır:

• Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda

• Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə;

• Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda;

• Bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda.

Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar:

• “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər , o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun;

• 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər;

• 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar;

• “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununa müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər;

Vətəndaşlıq aşağıdakı üsullarla xətm oluna bilər:

1)vətəndaşlıqdan çıxma;

2)vətəndaşlığı itirmə və s.

Vətəndaşlıqdan çıxmaya denaturalizasiya da deyirlər. Bu zaman şəxs vətəndaşlıqdan çıxmaq barədə vəsatət qaldırır və prezidentin sərəncamı ilə vətəndaşlıqdan çıxır. Bununla vətəndadşlıq xətm olunur. Şəxs bu hərəkətlərinin səbəblərini göstərməlidir. Əgər şəxsin dövlət və ya hərbi xidmətlə bağlı öhdəlikləri varsa, onun vəsatəti qəbul olunmur. Bütün bunlar aradan qaldırılsa, şəxsin vəsatətinə baxılır.

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 16-cı maddəsinə əsasən vətəndaşlığa aşağıdakı hallarda xitam verilir:

• Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq nəticəsində;

• Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində;

• Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda;

• Qanunda nəzərdə tutulmuş digər əsaslar olduqda.

Oxunub: 1776