Hansı hallarda hərbi xidmətə çağırışa möhlət verilir?

Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, yaxud şəhər çağırış komissiyasının rəyi əsasında verilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 18-ci maddəsinə əsasən, çağırışa bir sıra hallarda möhlət verilə bilər.

Bu hallar aşağıdakılardır:

1) ailə vəziyyətinə görə;

2) sağlamlıq vəziyyətinə görə;

3) təhsili davam etdirmək üçün;

4) Milli Məclisə (deputat) və ya bələdiyyəyə üzv seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar;

5) deputat, hakim, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) fəaliyyəti ilə əlaqədar;

Qanunda göstərilir ki, yuxarıda sadalanan hallar olmadıqda, 35 yaşına kimi çağırışçılar həqiqi hərbi xidmətə çağrılmalıdır.

Ailə vəziyyətinə görə

Ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində aşağıdakı şəxslər olan çağırışçılara verilir:

a) başqa övladı olmayan I qrup əlil ata, yaxud ana;

b) I qrup əlil arvad;

c) 8 yaşınadək 3 və daha çox uşağı olan ana (ailədə ata olmadıqda) və ya ata (ailədə ana olmadıqda)

d) 18 yaşınadək və yaxud I qrup əlil qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmadıqda.

Sağlamlıq vəziyyətinə görə

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 20-ci maddəsinə əsasən, sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 21-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir:

a) ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara;

b) ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara;

c) orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara;

d) əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada, ali baza tibb təhsili və rezidenturada təhsil alanlara – təhsilini bitirənədək;

e) xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək.

Müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetmə

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 23-ci maddəsinə əsasən, dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər:

a) fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar;

b) sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçılar;

c) 35 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar;

d) alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar;

e) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər;

Oxunub: 10974