Humanist soyğunçuluq

Hüquqşünas
Ənnağı Hacıbəyli – hüquqşünas

Cinayət hüququ mütəxəssisi deyiləm. Az-çox bildiyim sahə mülki qanunvericilikdir. Buna baxmayaraq hüquqçu olduğumdan bəzən başqa hüquq sahələrində problemli saydığım məsələlərə münasibət bildirməyə çalışıram.

Təbii ki, heç bir sahədə, hətta mülki qanunvericilik sahəsində fikirlərimi mütləq həqiqət, yeganə doğru fikir saymıram və dediklərim, yazdıqlarımla peşəkar mübahisə edən şəxslərin fikirlərinə də müsbət yanaşıram və hörmət edirəm. Ona görə də güman edirəm ki, uzmanı olmadığım sahəyə müdaxiləmi “yad” sahələrin mütəxəssisləri anlayışla qarşılayacaqlar.

Bu yazıda söhbət cinayət qanununa humanistləşdirmə adı ilə daxil edilmiş bəzi son dəyişikliklərdən gedir.

Oxucunu yormamaq üçün sadə şəkildə deyim ki, keçən ilin oktyabrında cinayət qanunvericiliyinə humanistləşdirmə adı ilə edilən dəyişikliklərdən biri dələduzluq cinayətinə görə ziyanı ödəmiş şəxslərin cinayət mıəsuliyyətindən azad edlməsidir. CM-in 178-ci maddəsinin ayrı-ayrı hissələrində göstərilir ki, zərəri ödəmiş cinayətkar – dələduz həm də ziyanın bir və ya bir neçə mislini dövlət büdcəsinə keçirdikdən sonra məsuliyyətdən azad edilir. Yəni cinayət ağırlaşdıqca büdcənin gəlirləri artır.

İqtisadçı olmadığımdan büdcə gəlirlərinin iqtisadi aspektlərinə toxunmuram. Əslində bu da maraqlı söhbətdir. Sadəcə son illər inzibati və cəza cərimələrinin astronomik məbləğə qaldırılması qanunvericiliyin başlıca tendensiyasına çevrilib və qorxunc şəkil almaqdadır. Minimum əmək haqqını, maaş və pensiyaları qəpik-qəpik artıran qanun və fərmanların fonunda bu qorxunc mənzərə artıq ikrah doğurmağa başlayıb. Büdcənin əsas gəlir mənbəyi olan neftin hara axdığını tapa bilməyən vətəndaş daha tez-tez çıxış yolunu özünü asmaqda görməkdədir.
Bu yaxınlarda vəkil tanışlarımdan biri apardığı dələduzluq işindən danışırdı. Dələduzun ziyanı ödədikdən və onun iki-üç mislini dövlət büdcəsinə keçirdikdən sonra məsuliyyətdən azad edilməsini cəzanın humanistləşdirilməsi kimi öyməyə başladı. Rəsmi təbliğat öz işini görmüşdü. Bunun hüquqi tərəfi ilə yanaşı əxlaqi tərəflərini müzakirə etməyə başlayan kimi o, razılaşdı ki, dövlətin də hərəkəti bu halda ən azı mübahisəlidir. Söhbətdə iştirak edən hüquqçulardan biri bunu hakimiyyətin yuxarı pillələrində oturan adamların özlərini dələduzlardan müdafiə vasitəsi, ikincisi, korrupsiya büdcəsini xalqın hesabına doldurmaq cəhdi, üçüncüsü istintaq üçün əlavə gəlir mənbəyi kimi izah etdi. Görünür, bu izahların hamısında həqiqət var. Qəribədir ki, heç kim bu humanistləşdirməni normal sayıb təqdir etmədi.

İştirakçılıqla dələduzluq cinayəti törətmiş şəxslərin cinayət məsuliyyətindən azad edilməsi qaydasına aydınlıq gətirmək, yəni qanunu təfsir etmək istəyən Ali Məhkəmənin rəsmi şəxslərindən biri deyib ki, bu halda bütün iştirakçılar ziyanı ayrılıqda ödəməlidirlər.

Bu təfsirin iki izahı ola bilər. Ya hakim rəsmi mövqeyi və ölkədəki cərimə toplama kampaniyasının dövlət siyasəti olduğunu bildiyi üçün belə izah verir, ya da onun fikirləri hüquqda daha bir yeni tendensiyanın başlanğıcıdır.

Bəlli olmur ki, birlikdə ziyan vurmuş şəxslər nəyə görə ziyanı ayrılıqda ödəməli və dövlət bir əmələ görə şəxsi bir neçə dəfə cəzalandırmalıdır. Konkret şəxsə vurulmuş ziyanı ödəmiş şəxslər hansı məntiqlə dövlətə bunun bir neçə mislini ödəməlidirlər? Bəyəm dövlət cinayətdən birbaşa qurbandan daha çox ziyan çəkib? Bu qaydanın hüquqi, iqtisadi, əxlaqı, siyasi əsasları nədir?

Dələduzların əksəriyyəti ölkədəki mühitin – lap elə qanunlar, icra hakimiyyətinin (özəlliklə vergi və istintaq orqanlarının, bankların və s.) bespredel praktikasının, ədalətsiz məhkəmə qərarlarının yetirməsidir. Otuz-qırx faizlik kreditlə tikinti biznesi quran sahibkar, yoxsulluqdan, uşağını polisin əlindən qurtarmaq dərdindən belə faizlə kredit götürməyə məcbur olan vətəndaş, qazancının yarıdan çoxunu vergi soyğunçularına ödəyən iş adamı potensial dələduzdur. Mühitin eybəcərliklərini görən adam üçün bu dələduzları qınamaq getdikcə çətinləşir.
Qanun hüquqi, əxlaqi, siyasi, iqtisadi baxımdan əsaslandırılmalıdır. Hər bir hüquq pozuntusu kimi cinayət də ictimai münasibətlərə, ictimai əxlaqa ziyan vuran hüquqazidd əməldir. Dövlət onu məhz buna görə qınayır, geniş anlamda cəzalandırır.

Dövlət özünün qanunları ilə qoyduğu qaydaya hamı kimi əməl etməyə borcludur. Vurduğu ziyanı ödəmiş şəxsin ondan qat-qat artıq məbləği dövlət büdcəsinə ödəməsini tələb etmək cəzanın mahiyyətinə uyğun deyil. Bu halda dələduzla dövlət arasında fərq itir. Dövlətin qoyduğu belə qaydalar qoruduğu ictimai münasibətlərə cinayətdən az ziyan vurmur. Dələduzluq sanki təkrar olunur, rəsmi səviyyəyə qaldırılır, qanunla tanınır və qorunur. Bu, dövləti və hüququ nüfuzdan salır, cinayət nəticəsində əldə edilən gəliri leqallaşdırır, cinayətin qınanmasının doğruluğuna şübhə yaradır.

Sözümün sonunda üzümü beynəlxalq qurumlara tutub demək istəyirəm: ya bizim qanunlarımızı humanistləşdirmək tələblərini yığışdırın, ya da öncə qanunvericilərimizi humanistləşdirin.

Yazı müəllifin facebook səhifəsindən götürülüb.