Prokurorluğa kimlər və necə işə qəbul ola bilərlər?

Prokurorluğa qulluğa qəbul olunmaq üçün tələblər “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsi ilə müəyyən olunur. Belə ki, “Prokurorluq haqqında” Qanunun 29-cu maddəsində qeyd edilir ki, prokuror, prokurorluğun müstəntiqi və əməliyyatçısı ali hüquq təhsilli, seçkilərdə iştirak etmək hüququna, prokuror, müstəntiq və ya əməliyyatçı vəzifələrinin yerinə yetirilməsi üçün zəruri peşə keyfiyyətlərinə malik və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən

Azərbaycan Respublikasının vətəndaşları ola bilər.

Prokurorluğa işə qəbul edilmirlər:

• ikili vətəndaşlığı olan şəxslər;

• digər dövlətlər qarşısında öhdəlikləri olanlar;

• din xadimləri;

• fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə prokuror, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;

• alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda);

• əvvəllər məhkum olmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;

• əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı adı ilə bir araya sığmayan hərəkətlərinə görə vəzifədən azad edilmiş şəxslər;

• qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar.

Prokurorluğa ilk dəfə işə qəbul olunmaq üçün namizədlər müvəffəqiyyətlə müsabiqədən keçdikdən sonra müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimə cəlb edilirlər.
“Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”na əsasən müsabiqədə iştirak etmək arzusunda olan və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən namizədlər müvafiq formada ərizə ilə müraciət edərək aşağıdakı sənədləri təqdim etməklə müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər:

• şəxsiyyət vəsiqəsinin əsli və notariat qaydasında təsdiq edilmiş surəti;

• ali təhsil haqqında (hüquqşünaslıq və ya beynəlxalq hüquq ixtisası üzrə) diplomun, diploma əlavə olunan qiymət cədvəlinin əsilləri və notariat qaydasında təsdiq edilmiş surətləri;

• 4×6 sm ölçüdə 4 ədəd ağ fonda rəngli fotoşəkil.

İcbari təlimi müvəffəqiyyətlə bitirmiş namizədlər, bir qayda olaraq, bir illik iş təcrübəsi (stajorluq) keçirlər.
Azərbaycan Respublikasının baş prokuroru stajorluq müddətini azalda və ya işini ondan tamamilə azad edə bilər. Stajorluq müddəti bitdikdən sonra işçi attestasiyadan keçirilir və attestasiyanın nəticəsindən asılı olaraq işçinin altı aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilməsi həll olunur.Prokuror vəzifəsinə, bir qayda olaraq, prokurorluq orqanlarında ən azı 5 il iş stajı olan şəxs təyin edilə bilər. Azərbaycan Respublikasının Baş prokuroru, onun müavinləri, Azərbaycan Respublikasının Hərbi prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru, Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru, ərazi və ixtisaslaşdırılmış prokuror vəzifələrinə 30 yaşına çatmış şəxslər təyin oluna bilər. Hərbi prokurorluğa prokurorluq orqanlarının kadrları üçün müəyyən edilmiş ümumi tələblərə əməl edilməklə bir qayda olaraq hərbi qulluqçular, həmçinin müvəqqəti hərbi xidmət keçmiş və hərbi qulluğa yararlı şəxslər işə qəbul edilirlər.

Prokurorluğa qulluğa qəbul olunmaq arzusunda olan şəxslər Azərbaycan Respublikasının Baş prokuroruna müəyyən edilmiş formada ərizə ilə müraciət edirlər. Prokurorluğa qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədləri Azərbaycan Respublikası Baş prokurorunun müəyyən etdiyi qaydada yoxlanılır.

Prokurorluğa qulluğa qəbul olunmaq üçün müraciət etmiş və sənədləri qəbul edilmiş namizədlər aşkarlıq şəraitində şəffaflıq təmin edilməklə müsabiqədən keçirlər. Müsabiqə ixtisas imtahanlarından və müsahibədən ibarətdir.

Prokurorluğa ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimə cəlb edilirlər. Bu təlimi müvəffəqiyyətlə bitirmiş namizədlər prokurorluğa qulluğa qəbul edilirlər. Prokurorluğa qulluğa qəbul əmrlə rəsmiləşdirilir və əmrin surəti imza etdirilməklə həmin gün işçiyə verilir.

Prokurorluq orqanlarında stajorluq və sınaq keçmə qaydaları Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən müəyyən edilir. İlk dəfə prokurorluğa qəbul edilən şəxslər üçün bir illik stajorluq müddəti müəyyən edilir. Stajorluq müddəti bitdikdən sonra işçi attestasiyadan keçirilir. Attestasiyanın nəticəsindən asılı olaraq onun altı aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilməsi məsələsi həll olunur. Stajorluq və ya sınaq müddətlərində attestasiyadan keçməmiş işçi prokurorluqdan xaric edilir. Stajorluq və sınaq müddətləri prokurorluqda iş stajına hesablanır.

Sınaq müddəti başa çatdıqdan sonra attestasiyadan müvəffəqiyyətlə keçmiş 9-cu təsnifat üzrə (Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun müstəntiqləri, şəhər, rayon prokurorlarının və hərbi prokurorların köməkçiləri, şəhər, rayon prokurorluqlarının və onlara bərabər tutulan hərbi prokurorluqların müstəntiqləri.) vəzifəyə təyin olunmaqla prokurorluqda daimi qulluğa qəbul edilir.

Benefisiar.org

Oxunub: 3546