Probasiya nəzarəti necə tətbiq olunur?

Probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir.

Probasiya aşağıdakı şəxslərə tətbiq edilir

• cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslərə;

• şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış şəxslərə;

• alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərə.

Probasiyanı həyata keçirən icra məmurlarının aşağıdakı səlahiyyətləri var:

• məhkəmə qərarı əsasında elektron nəzarət vasitələrini məhkumlara tətbiq etmək və məhkum tərəfindən həmin vasitələrdən istifadə qaydalarına riayət edilməsinə nəzarət etmək;

• məhkumun olduğu yer müəyyən edilmədikdə 10 günədək müddətdə onun axtarılması ilə əlaqədar ilkin tədbirlər həyata keçirmək;

• məhkumun olduğu yer 10 gündən artıq müddətdə müəyyən edilmədikdə onun barəsində axtarış elan edilməsi haqqında qərar qəbul etmək, qərarın surətini müvafiq icra hakimiyyəti orqanına göndərmək, həmçinin məhkumun tutulması barədə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada vəsatət vermək;

• probasiya nəzarəti tətbiq edilən məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş tədbirləri həyata keçirmək.

Elektron nəzarət vasitələridən istifadə

Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir.

Elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir.

Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.

Benefisiar.org

Oxunub: 2127