Fevralın 15-də hansı universitetlər əyani tədrisi bərpa edəcək?

Azərbaycanın bəzi universitetləri bir illik fasilədən sonra tədrisi əyani formada bərpa etməyə hazırlaşır. Həmin ali məktəblərin tələbələri fevralın 15-də dərsə gedəcəklər və 2020-ci ilin martın 2-dən sonra ilk dəfə auditoriyada əyləşəcəklər. “Report” universitetlərdə tədrisin bərpasına hazırlıqla bağlı araşdırma aparıb.

Azərbaycan Tibb Universitetinin Tədris hissəsinin müdiri Samir Cavadov “Report”a açıqlamasında bildirib ki, məsələ ilə bağlı fevralın 5-də Təhsil Nazirliyinin nümayəndələri ilə görüş keçirilib, lakin hələlik son qərar qəbul edilməyib: “Bütün universitetlərlə danışılıb ortaq məxrəcə gəlinəcək. Sadəcə bilirik ki, ənənəvi tədrisin təşkili düşünülür. Amma necə və hansı formada olması barədə dəqiq informasiyamız yoxdur. Univeristetimizdə təcrübə tələb edən ixtisasların sayı çoxdur. Ona görə də əyani tədrisin bərpası üçün yollar axtarırıq”.

Bakı Mühəndislik Universitetinin (BMU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev “Report”a deyib ki, fevralın 15-dən etibarən praktiki məşğələlər tələb olunan ixtisaslar (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) üzrə və tələbələrin fiziki iştirakını tələb edən fənlərin tədrisinin ənənəvi formada bərpa olunması nəzərdə tutulur: “Hazırda BMU-da bu qəbildən olan dərslərin hansı qrafiklə və hansı zəruri ixtisaslar üzrə keçiriləcəyi ilə bağlı dəqiqləşdirmələr aparılır. Lakin yekun qərar yoxdur, bu istiqamətdə müzakirələr davam edir. Yaxın günlərdə qərar veriləcək”.

O vurğulayıb ki, ali məktəbin Mühəndislik, Memarlıq və inşaat və Pedaqoji fakültələrində bəzi ixtisaslarda oxuyan tələbələrin ənənəvi dərslərə cəlb edilməsinin xüsusi qrafik əsasında, növbəlilik prinsipi qorunmaqla həyata keçirilməsi planlaşdırılır: “Bununla yanaşı, pandemiya şəraitində tələbələrin sıxlığı da nəzərə alınacaq. Bunun üçün BMU-da geniş imkanlar var. Belə ki, universitet tədris prosesini təmin etmək üçün geniş və ən son avadanlıqlarla təchiz olunmuş laboratoriyalarla təchiz olunub. Laboratoriyaların geniş olması tələbələr arasında sosial məsafənin saxlanılmasına imkan verəcək. Mövcud qərarla bağlı laboratoriyalar hazırlıq vəziyyətinə gətirilib”. Onun sözlərinə görə, koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə BMU-da mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir: “Eyni zamanda hər kəs universitetə elektron termometrlə hərarəti ölçüldükdən sonra yalnız tibbi maska ilə buraxılacaq, sosial məsafə gözləniləcək və şəxsi gigiyena qaydalarına ciddi nəzarət olunacaq. Bunun üçün universitetin bütün binaları dezinfeksiyaedici məhsullarla təmin olunub”.

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova “Report”a vurğulayıb ki, Təhsil Nazirliyi ənənəvi tədrisin başlaması ilə bağlı məsələni ali təhsil müəssisələrinin öhdəsinə buraxıb: “Yəni zəruri olarsa, dərslər ənənəvi formada keçiriləcək, əks halda isə tədris onlayn formada davam etdiriləcək. AzTU həftə ərzində bütün bu məsələləri müzakirə edib nəticəsi haqqında nazirliyə məlumat verəcək. Nəzərə almaq lazımdır ki, hazırda tələbələrin böyük əksəriyyəti rayonlardadır. Ona görə də bütün bu suallar həftə ərzində müzakirə olunacaq və ictimaiyyətə məlumat veriləcək”.

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin Mətbuat və informasiya şöbəsinin rəhbəri Nəcibə Mirzəyeva “Report”a deyib ki, təmsil etdiyi ali məktəbdə fevralın 15-dən ənənəvi tədrisin bərpası üçün işlərə başlanılıb. Onun sözlərinə görə, məsələ ilə bağlı bütün fakültələrə tapşırıq verilib: “Onlar dərs cədvəllərini Tədris şöbəsinə göndərib. Orada araşdırılacaq. Bu işi tənzimləmək çətindir. Elə fakültələr var ki, onlarda laboratoriya dərsləri həftədə iki dəfədir. Bu iki dərsə görə rayonlarda yaşayan tələbələri Bakıya gətirmək məsələsi var. Məsələn, Memarlıq ixtisasında laboratoriya dərsləri daha çoxdur deyə bu fakültədə dərslər bərpa olunacaq. Çünki onların çox dərsləri əyani şəkildə keçirilməlidir. Digər fakültələrdə, məsələn, Su təsərrüfatı fakültəsi, Mühəndis kommunikasiya sistemləri fakültəsi və Nəqliyyat fakültələrində də laboratoriya dərsləri var, amma say etibarilə onun üzərində iş gedir. Bu məsələlər araşdırılandan sonra otaqlar hazır vəziyyətə gətiriləcək və karantin qaydaları gözləniləcək”.

Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetindən isə “Report”a bildirilib ki, tədrisin bərpası üçün dəqiqləşdirmələr aparılır.

Qeyd edək ki, Təhsil Nazirliyinin qərarı ilə ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) fevralın 15-dən ənənəvi formada bərpa olunacaq.

Təhsil Nazirliyinin qərarı ilə fevralın 15-dən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilən cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.

Lakin “Report”un apardığı araşdırma nəticəsində məlum olub ki, bəzi ali məktəblərdə dərslər bərpa edilməyəcək.

Onlardan biri də Bakı Slavyan Universitetidir. Ali məktəbin Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov “Report”un sorğusuna cavab olaraq deyib ki, universitetdə tədris ənənəvi formada bərpa olunmayacaq, distant şəkildə davam etdiriləcək.

O bildirib ki, məsələ ilə bağlı Təhsil Nazirliyinin Aparat rəhbərinin müavininin iştirakı ilə videokonfrans formatında toplantı keçirilib: “İclasda məsləhətləşmələr apardıq. Qeyd olundu ki, tələbələrin böyük hissəsi bölgələrdə yaşayır. Ənənəvi tədris iki gün olsa belə, həmin tələbələr Bakıya gəlməli, qalmağa yer tapmalı və digər məsələləri həll etməlidirlər. Bizim universitetdə də xüsusi auditoriyaya, laboratoriyaya ehtiyac olan ixtisas yoxdur. Düzdür, biz qarışıq dərs cədvəli də hazırlamışdıq, amma tövsiyə olundu ki, sanitar-epidemioloji vəziyyəti gərginləşdirməmək üçün tələbələrin universitetə gəlməsinə ehtiyac yoxdur. Əgər epidemioloji vəziyyət yaxşılaşsa, aprel-may-iyun aylarının əvvəllərində tələbələri dəvət etmək olar”.

“4-cu kursda pedaqoji təcrübəyə getməli olan tələbələrimiz var. Məktəblərdə dərslər də başladığına görə, həmin tələbələri qarışıq şəkildə təcrübəyə göndərmək istəyirik. Bunun üçün Təhsil Nazirliyinə müraciət etmişik. Çox güman müsbət cavab veriləcək, biz də təşkil edəcəyik”, – T.Cəfərov əlavə edib.

Azərbaycan Dillər Universitetinin (ADU) Mətbuat xidməti şöbəsinin rəhbəri Ağa Cəfərli “Report”a bildirib ki, təmsil etdiyi ali təhsil ocağında tədris onlayn şəkildə davam etdiriləcək.

“Tələbələrimiz dərsə gəlməyəcəklər. Çünki Təhsil Nazirliyinin qərarına əsasən, ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin, mövzuların əvvəlcədən müəyyən edilən cədvəllər üzrə tədrisi ənənəvi formada bərpa olunacaq. Amma bizdə tədris onlayn şəkildə davam edəcək”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov “Report”a açıqlamasında deyib ki, universitet dərsləri onlayn şəkildə davam etdirəcək.

“Məsələni Təhsil Nazirliyi ilə razılaşdırmışıq. Fevralın 15-də onlayn formada ikinci smestrə start verəcəyik. Vəziyyətdən asılı olaraq gələcəkdə ənənəvi tədrislə bağlı qərar verilə bilər”, – o vurğulayıb.

Əvvəlki məqaləKonstitusiya Məhkəməsi bu müraciətə baxacaq
Növbəti məqaləPeyvənddən sonra koronavirusa yoluxan olub?