Avtomobillərə plyonka-pərdə və jalüz vurulması qaydalarında yenilik

Milli Məclisin iclasında “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı məsələ II oxunuşda müzakirəyə çıxarılıb.

“Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, sürücünün görünüş dairəsini məhdudlaşdıran və nəqliyyat vasitələrinin nasazlıqları sırasına şüşəyə jalüz çəkilməsi də daxil edilir.

Hazırkı qanunvericiliyə görə, sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyaların qoyulması və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkilməsi nəqliyyat vasitələrinin nasazlıqları sırasına daxildir. Dəyişikliklə isə bu sıraya jalüz çəkilməsi də aid olacaq.

Bundan başqa, qüvvədə olan qanuna əsasən, avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilərdi. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilirdi.

Layihəyə əsasən, avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilməsinə dair müddəa ləğv edilir. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə isə yenə də icazə veriləcək.

Həmçinin sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Qüvvədə olan qanuna əsasən, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilib. Avtomobillərdə pərdə, jalüz və plyonka çəkilməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən edildikdən sonra qanunun bu müddəası qüvvədən düşəcək.

İXM-ə dəyişikliyə əsasən, isə artıq sürücülük vəsiqəsi və digər sənədlərin daşınması tələbi olmayacaq.

Sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır. Şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ və onun avtomobilə sahiblik hüququnun olması Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-kompüterlər vasitəsilə yoxlanılır.

Bundan başqa, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilməyəcək.

İnzibati Xətalar Məcəlləsində (İXM) inzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydasının pozulması ilə bağlı vəzifəli şəxslər üçün cərimə tətbiq olunacaq.

İXM-in 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir və inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılmır.

Dəyişikliyə əsasən, bu halda vəzifəli şəxs inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxararsa, o,150 manatdan 200 manatadək cərimə olunacaq.

Bundan başqa, dəyişikliyə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir.

İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 il müddətində icra edilməmişdirsə, daha icra edilməyəcək.

Digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir.

Qanun layihələri II oxunuşda təsdiqlənib.

Meydan TV

Əvvəlki məqaləAvtomobil bazarı ilə bağlı təkliflər hazırlanıb
Növbəti məqaləTəhsil nazirindən müəllimlərin işə qəbulu ilə bağlı açıqlama