Müharibədən zərərçəkən sakin evinin təmir edilməməsindən şikayətçidir (Foto və Video)

İkinci Qarabağ müharibəsi zamanı zərərçəkmiş Ağdam sakini evinə dəymiş ziyanla bağlı tədbir görülməməsindən şikayətçidir.

Ağdam rayonunun Dördyol-1 qəsəbəsindəki 434 nömrəli evdə yaşayan Vüqar Cəfərov Benefisiar.org-a bildirib ki, müharibə vaxtı – ötən ilin oktyabr ayının 8-də evinin qarşısına mərmi düşməsi nəticəsində evinə ziyan dəyib. Onun evi ilə yanaşı qonşunu evinə də ziyan dəyib.

V. Cəfərov deyir ki, müharibə bitəndən bir ay sonra dəymiş ziyanı müəyyənləşdirmək üçün Bakıdan komissiya gəlsə də, onun evinə baxış keçirilməyib: “Qonşunun evinə baxış keçirilsə də, onlara min manat kompensasiya verilsə də, bizim evə baxan və bizə kompensasiya verən olmadı”.

Hazırda ailə üzvləri ilə zərərçəkmiş evində yaşadığını deyən V. Cəfərov bildirdi ki, məcbur olub özləri evdə kiçik təmir işləri aparıblar ki, orda yaşaya bilsinlər: “Evin pəncərələr yararsız hala düşmüşdü. Özümüz düzəldib pəncərələrə “klyonka” vurduq ki, evdə yaşamaq mümkün olsun” .

V. Cəfərov deyir ki, məsələ ilə bağlı iki dəfə Ağdam Rayon İcra Hakimiyyətinə müraciət edib, amma nəticəsi olmayıb: “İcra nümayəndəsinə də müraciət etmişik. 5 aydır ki, bizim şikayətimizə baxılmır. Ölkə rəhbərliyindən, aidiyyəti dövlət qurumlarından xahiş edirik ki, üzləşdiyimiz problemin aradan qaldırılması üçün bizə köməklik etsinlər”.

Evinə dəyən ziyana gəlincə, V. Cəfərov bildirdi ki, bunu aidiyyəti dövlət qurumlar araşdırandan sonra dəqiq müəyyən etmək olar: “Bizim hesablamalara görə, təxminən 2-3 min ziyan dəyib bizə”.

Əvvəlki məqaləBu sahibkarlara vergi güzəştləri edilə bilər
Növbəti məqaləMüharibədə ev dağılan vətəndaşın şikayətinə baxılmır (Video)