Məhkum qadınlar hansı hallarda cəzaçəkmə müəssisəsindən kənarda yaşaya bilər?

Cəzaların İcrası Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkum qadınlar qanunvericiliklə müəyyən edilən bir sıra hallarda, müvafiq tələbləri yerinə yetirdikləri təqdirdə bir müddətlik cəzaçəkmə müəssisəsindən kənarda yaşaya bilərlər. Bu icazə əməyə vicdanlı münasibət bəsləyən və cəzaçəkmə rejiminin tələblərinə riayət edən, habelə cəza müddətinin ən azı üçdə birini çəkmiş məhkum qadınlara cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış qərarı ilə verilir. Məhkum qadınlara hamiləliyə və ya doğuşa görə qanunla müəyyən edilmiş qaydada, işdən azad edildikləri vaxt ərzində, habelə uşaq üç yaşına çatanadək cəzaçəkmə müəssisəsindən kənarda yaşamağa icazə verilə bilər.

Cəzaçəkmə müəssisəsindən kənarda yaşamağa icazə verilmiş məhkum qadınların hansı hüquqları var?

  • cəzaçəkmə müəssisəsinin ərazisi yaxınlığında yaşamağa yerləşdirilir və müdiriyyətin daimi müşahidəsi altında olurlar;
  • adi həyatda işlədilən paltar geyinə bilərlər;
  • məhdudiyyətsiz halda yazışa bilər;
  • pul baratları ala bilər və nağd puldan istifadə edə bilər;
  • qohumları, həkimi və başqa şəxslərlə görüşə bilər;
  • bağlama, sovqat və ya banderol (poçt ilə bu cür sarğıda göndərilən hər hansı bir şey) ala bilərlər;
  • hüdudları cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən müəyyən edilən ərazi daxilində sərbəst gediş-gəliş hüququndan istifadə edə bilərlər.

Bu icazə hansı hallarda ləğv edilir?

Əgər cəzaçəkmə rejimi və ya davranış qaydaları məhkum qadın tərəfindən müntəzəm və ya qəsdən pozularsa, cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış qərarına əsasən cəzaçəkmə müəssisəsindən kənarda yaşamaq üçün verilən icazə ləğv edilir. Bundan sonra məhkum qadın cəzasını çəkmək üçün cəzaçəkmə müəssisəsinə qaytarılır.

Hazırladı: Rəvanə Mehdili – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi