Vərəsəlik şəhadətnaməsinə məxsus normalar Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Mülki Məcəllə) 1321-1325-ci maddələri ilə tənzimlənir.
Belə ki, Mülki Məcəlləyə görə qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir və vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.
Notariat orqanları isə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdırlar (Konstitusiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli Plenum qərarı).
Bundan əlavə, Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən vərəsəlik şəhadətnaməsini verməlidirlər.
Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.
Qeyd etmək yerinə düşər ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli Plenum qərarı). Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin notariat orqanından vərəsəlik şəhadətnaməsini almaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir.
Vərəsəlik şəhadətnaməsinin verilməsi müddəti nə qədərdir?
Vərəsəlik şəhadətnaməsinin verilmə müddətinə gəldikdə isə o, vərəsələrə mirasın açıldığı gündən 6 ay keçdikdən sonra istənilən vaxt verilir. Bu norma vərəsələrin tam siyahısının notariat orqanına məlum olmadığı hallara şamil olunur. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
Müəyyən olunmuş müddətdə mirası qəbul etməyən vərəsələrin vərəsəlik şəhadətnaməsinə yazılmaları mümkündürmü?
Bu yalnız mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə mümkündür və razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir.
Növbəti məsələ isə mirası qəbul etməyə çağırılmış vərəsənin miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölməsi ilə bağlıdır. Belə olduğu halda vərəsəlik şəhadətnaməsinin kimə verilməsi məsələsinə isə qanunvericilikdə ilkin miras qoyanın vərəsələrinin onun ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi almaq hüquqlarının olduğu vurğulanmışdır.
Hazırladı: Tural Həsənov – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi