Əmək pensiyası ilə bağlı yaş həddi dəyişdirilir

Azərbaycanda əmək pensiyası üçün staj ilə əlaqədar və digər dəyişikliklər bu gün Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə olunub. Komitənin sədr müavini, deputat Musa Quliyev APA-ya bildirib ki, “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi qəbul olunacağı təqdirdə, sənəd iyulun 1-dən qüvvəyə minəcək.

M. Quliyevin sözlərinə görə, layihədə çoxlu məsələlər nəzərdə tutulub: “Söhbət ondan gedir ki, dövlət büdcəsinin öhdəlikləri ilə sığorta sisteminin öhdəliyi ayrılır. Yəni kim nə qədər qazanacaqsa, o qədər xərcləyəcək. Digər məsələ odur ki, sığorta prinsipinə aid olmayan xərclər minimuma endiriləcək, erkən pensiyaya çıxmağı stimullaşdıran hallar aradan qalxacaq, daha çox staj, pensiya kapitalı qazanmaq şəraiti yaradılacaq. Bundan başqa, pensiya yaşı qadınlarda və kişilərdə qanun qüvvəyə minəndən etibarın 10 il ərzində 65 yaşa qədər qaldırılacaq. Həmçinin indiyə qədər tələb olunan 12 illik staj tələb olunmayacaq. Digər maraqlı məsələlərdən biri də odur ki, pensiya kapitallarına əlavə olunma imkanları da yaradılır. Yəni, əgər hazırda şəxs işləyən dövrdə az sosial sığorta haqları ödədiyi üçün pensiyaya çıxa bilmirdisə, artıq imkan yaradılacaq ki, istədiyi bankda hesab açsın və gəlirləri ilə onun üstünə əlavələr etməklə 110 manata çatdırsın ki, artıq pensiya ala bilsin. Bütövlükdə bunlar hamısı pensiya haqları konsepsiyasının tələbindən irəli gələn proqressiv dəyişikliklərdir. Bu qanunun tətbiqi pensiyaçılarda azalmaya deyil, artıma səbəb olacaq. Eyni zamanda stajlar artırılacaq”.

M. Quliyev onu da deyib ki, bu dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilməyəcək.

Layihə 2017-ci il yaz sessiyasında Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Əvvəlki məqaləDaşınmaz Əmlakın Dövlət Reyestrindən evlərə verilən arayışın forması dəyişib
Növbəti məqaləArxa oturacaqlarda təhlükəsizlik kəmərindən istifadə etməməyə görə də cərimə ediləcək