Evi başına uçan sakin: “Aidiyyəti orqanlar kömək etmirlər”

Ucar rayonu, Lək kəndinin sakini 31 yaşlı Samir Piriyevin evi başına uçub. Hadisə noyabrın 28-də axşam saatlarında baş verib.

“Axşam saat 10 olardı. Xəstə, gözdən əlil anam, həyat yoldaşım və 3 körpə uşağımla evdə idik. Qəfil otağın bir divarı uçub dağıldı. İkiotaqlı ev, 1960-cı ildə tikilib, yəni çox köhnədir. Zəlzələ və nəmişlikdən otaqlardan biri 2-3 yerdən çatlayıb, aralanmışdı, gündüzlər baxanda bayır görünürdü. İndi bir divarı uçmuş evin, digər otağında, təhlükə altında yaşayırıq. Qorxuram ki, bu biri otaq da uçsun başımıza. Çıxılmaz vəziyyətdə qalmışam”- Samir Piriyev Meydan TV-yə deyir.

Şikayətçi bildirir ki, evi uçmamışdan öncə Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovla görüşüb:

“Aidiyyəti olan orqanlar kömək etmirlər. Baxmayaraq ki, bu barədə Ucar rayon rəhbərliyinə və kənd bələdiyyəsinə müraciət etmişəm. İcra başçısı məni qəbul etdi, şikayətimi dinlədi, “əlimizdən gələn yardımı edəcəyik”- desə də, bu neçə gündə heç bir nəticəsi yoxdur. Ölkə başçısının tapşırığı var ki, ehtiyacı olan ailələrə kömək edilsin. Amma buna məhəl qoyan yoxdur. Hazırda 3 azyaşlı uşaqla yağışın altında yaşamağa məcbur qalmışıq. Övladlarımın böyüyünün 6, ortancılın 5 yaşı var, kiçiyi isə hələ 9 aylıqdır. Nə gəlib, baxırlar, nə də ki, maraqlanırlar”.

“Maddi imkanım yoxdur ki, evi özüm tikim”, – Samir Piriyev belə deyir:

“Avtoyumada işləyirdim. Qışda səhhətimdə ciddi problemlər yarandı deyə hazırda işləmirəm. Həyat yoldaşım azyaşlı uşaqlara baxdığı üçün o da işləmir. Özünüz də şahidi oldunuz ki, hansı şəraitdə yaşayırıq. Ailəmizin vəziyyəti çox ağırdır. Atam rəhmətə gedib, anam Aytəkin Piriyeva 2-ci qrup gözdən əlildir. Bir gözü heç görmür, digəri də çox az görür. Onun aldığı 125 manat təqaüdün ümidünə qalmışıq. Aidiyyəti qurumlardan xahiş edirəm, köməklik göstərsinlər, kiçik bir daxma tikib, orada insan kimi yaşayaq, ölməyək”.

Ucar rayonu, Lək kəndi üzrə icra nümayəndəsi Əfqan Rəhimov Meydan TV-yə bildirib ki, Samir Piriyevin ev məsələsi ilə bağlı müvafiq işlər görüləcək:

“Bu adam icra başçısı ilə görüşüb, iki dəfə qəbulunda olub. Ona bildirilib ki, hazırda ilin sonudur. Yaz aylarında evinin təmir-tikintisinə başlanılacaq. İcra Hakimiyyətinin nümayəndəsi olaraq, gedib, evə şəxsən özüm baxmışam və məlumat vermişəm ki, vəziyyəti belədir. Kasıb ailədir, üç uşağı var. Onun problemini başa düşürük, qışdır, havalar soyuqdur. İcra Hakimiyyətindən kömək olunacaq”.

Bələdiyyə sədri Cavid Süleymanov Meydan TV-yə “Samir Piriyevə dedik ki, indi qışdır, kərpic töküb, ev tikmək olmaz. Onun evinin bir tərəfi uçub. Söylədik ki, yaz ayları gəlsin, köməkləşib, evi tikəcəyik”, – deyə bildirib.