Azərbaycan gender bərabərliyi üzrə neçənci yerdədir?

Gender bərabərliyi iqtisadiyyatların və cəmiyyətlərin inkişafında vacib rol oynayır. Dünya İqtisadi Forumu dekabrın 18-də açıqladığı “Qlobal Gender Bərabərsizliyi Hesabatı”nda 149 ölkənin dörd ölçü üzrə gender bərabərliyinə necə nail olduğunu dəyərləndirib. Bunlar İqtisadi İştiraklılıq və İmkanlar, Təhsil, Səhiyyə və Yaşam, Siyasi Səlahiyyətdir. Bu il sənayelər üzrə kadr potensialı və peşəkarlıq səviyyəsi də təhlil olunub.

Hazırda gender bərabərliliyinin ən çox təmin olunduğu ölkə İslandiyadır. Bu ölkə gender uçurumunun 85%-ni qapadıb. İslandiyadan sonra Norveç (83,5%), İsveç və Finlandiya (82,2%) gəlir. İlk onluğa Nikaraqua (5-ci yer), Saharaaltı Afrika ölkələri (Rvanda-6-cı yer, Namibiya-10-cu yer), Şərqi Asiya ölkəsi olan Filippin (8) də daxildir. İlk onluğu Yeni Zelandiya (7) və İrlandiya (9) qapadır.

Azərbaycan gender bərabərliliyinə görə 97, Ermənistan 98, Gürcüstan 99, İran 142, Rusiya 75-ci yerdədir.

Azərbaycan iqtisadi iştiraklılıq və imkanlar üzrə 47, təhsil səviyyəsi üzrə 33, sağlamlıq və yaşam kateqoriyasında 146, siyasi səlahiyyət üzrə 137-ci yerdədir.

Hesabatda Azərbaycanla Ermənistanın siyahının aşağı hissələrində yer almasına baxmayaraq, təhsil üzrə gender balansını yaxşılaşdırdığı vurğulanır. Ancaq bu iki ölkə Sağlamlıq və Yaşam subindeksində ən pis göstəriciləri olan ölkələr sırasındadır. (Azadlıq Radiosu)