Məişət zorakılığı ilə bağlı qrupları yaradılır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qruplarının nəzdində İşçi qruplarının (şəbəkələrin) fəaliyyət qaydalarını hazırlayıb.

Sənədi oktyabrın 2-də Beynəlxalq Mətbuat Klubunda Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova təqdim edib. O bildirib ki, sənəd BMT-nin Qaçqınlar üzrə Komissarlığının yardımı ilə hazırlanıb.

Üçsəhifəlik sənəddə deyilir ki, yeni yaradılan qrupların vəzifəsi hakimiyyət, hüquq-mühafizə, səhiyyə orqanları, təhsil, ictimai təşkilatlar, qəyyumluq orqanları və monitorinq üzrə sosial müəssisələrin məişət zorakılığının monitorinqi, qarşısının alınması və onlarla mübarizə istiqamətində səylərinin koordinasiyası olacaq.

2018-ci ildə yalnız 7 nəfər ölkə vətəndaşı müdafiə orderinin verilməsilə sığınacaqlara yerləşdirilməyi xahiş edib. Hüquqşünas Emil Abbasovun fikrincə, bu, vətəndaşların sosial passivliyi və həmin müəssisələrdə yerlərin azlığı ilə izah olunur.

Yeni yaradılan qrupların işçiləri müvafiq təşkilatların əməkdaşları üçün treninqlər keçirəcək, mətbuata məlumat verəcək və QHT-lərlə əməkdaşlıq edəcəklər.

Problem yaşanan ailələr haqqında məlumatlar toplanacaq, məişət zorakılığı barədə məlumatlar isə dövlət orqanlarına ötürüləcək. İşçi qruplarına yerli icra hakimiyyəti tərəfindən təyin olunmuş koordinatorlar rəhbərlik edəcəklər.

Təqdimat mərasimində çıxış edən deputat Fazil Mustafa məişət zorakılığına əsas səbəb kimi hakimiyyətin pis iş aparmasını və ya normativ sənədlərin olmamasını yox, əhalinin ümumi mədəni səviyyəsinin aşağı olmasını göstərib.

Qadınlara qarşı məişət zorakılığı valideynlərin qızlarının təhsilinə qadağan qoymasından başlayır. Bütün vətəndaşlar mütləq ən azı səkkizillik təhsil almalıdırlar, buna görə məsuliyyət dövlətin üzərinə düşür. “Təhsilli qadın özünə qarşı zorakılığın cəzasız qalmasına yol verməz”, – deputat deyib.

Ekspert rəylərindən və dəqiqləşdirmələrdən sonra sənəd Azərbaycan hökumətinə təqdim ediləcək.

Turan İnformasiya Agentliyi