Rezidenturada oxuyanlar aksiya keçiriblər

“Biz təhsil pulunu ödəməyə çətinlik çəkirik. Xəstəxanada maaşımız 350 manatdır. Bu isə heç nəyi ödəmir. Rezidenturada təhsil almadan isə həkim kimi işləmək mümkün deyil”

Oktyabrın 4-də Azərbaycan Tibb Universitetini bitirib rezidentura pilləsində oxuyan bir qrup şəxs Səhiyyə Nazirliyinin qarşısına toplaşıb.

Aksiya iştirakçılarının sözlərinə görə, rezidenturada ödənişsiz oxumaq istəyirlər. Onlar vurğulayıb ki, ötən il rezidenturaya qəbul sayı azalıb, yerlər dolub. Şikayətçilər qeyd ediblər ki, əgər rezidenturada oxumasalar, istədikləri kimi həkim ola bilməyəcəklər, nəticədə bu vəziyyətə etiraz ediblər. «Sonda Təhsil və Səhiyyə nazirlikləri əlavə yerlər açdı və onlar ödənişli oldu. 100 yer açıldı və 80 nəfər ödənişli əsaslarla oxumağa başladı. Bu il isə xeyli yerlər boş qalıb. Bu il qəbul olunanlar ödənişsiz oxuyurlar. İndi biz də istəyirik ki, dövlət vəsait ayırsın, bizdə ödənişsiz oxuyaq», -şikayətçilərdən bir qeyd edib.

Aksiya iştirakçıları vurğulayıblar ki, onlardan başqa rezidenturada təhsil, əsasən, pulsuz olub. «Keçən il isə plan yerləri az idi. Bizə dedilər ki, dövlətin sizin təhsilinizin pulunu ödəməyə imkanı yoxdur, gələn il rezidenturada yerlərin sayı azalacaq və biz məcbur olub pullu təhsil haqqında müqavilə imzaladıq. Lakin bu il rezidentura pilləsində təhsil pulsuz olub və yerlərin sayı çoxalıb, hətta 200 yer boş qalıb. Bu boş yerlərə ayrılan vəsaitin hesabına bizim ödənişimizi ödəsinlər. Bir il üçün ödəniş etmişik, gələn il üçün digərləri kimi, təhsilimizin pulsuz olmasını istəyirik», – onlardan biri deyib.

«Xəstəxanada maaşımız 350 manatdır»

Aksiya iştirakçıları əlavə ediblər ki, məsələ ilə bağlı yazılı şəkildə Səhiyyə Nazirliyinə də müraciət ediblər. «Bizə cavab verdilər ki, təklifimizi Maliyyə Nazirliyinə ötürüblər, oradan isə Nazirlər Kabinetinə. Sonra isə, ümumiyyətlə, Səhiyyə Nazirliyindən cavab çıxmadı. Bizə müsbət cavab versinlər. Məsələ ilə bağlı biz həmçinin, prezident İlham Əliyevə və vitse-prezident Mehriban Əliyevaya da müraciət ünvanlamışıq. Biz təhsil pulunu ödəməyə çətinlik çəkirik. Xəstəxanada maaşımız 350 manatdır. Bu isə heç nəyi ödəmir. Rezidenturada təhsil almadan isə həkim kimi işləmək mümkün deyil».

Aksiya yerinə polis qüvvələri cəlb edilsə də, saxlanan olmayıb.

Səhiyyə Nazirliyi nə deyir

Səhiyyə Nazirliyindən isə bildirilib ki, qeyd olunan məsələnin həlli nə universitet rəhbərliyi, nə də Səhiyyə Nazirliyinin səlahiyyətinə aiddir. «Səhiyyə Nazirliyi bu məsələnin həlli – yəni, ötən il rezidenturaya qəbul olmuş rezidentlərin ödənişsiz təhsilinin təmin olunması ilə bağlı Təhsil Nazirliyi və Maliyyə Nazirliyinə müraciət edib. Hazırda həmin müraciətə cavab gözlənilir».

Məsələyə, hələlik, Təhsil və Maliyyə nazirliklərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Rezidentura tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı formasıdır. Rezidenturada Azərbaycan vətəndaşları və xaricilər təhsil ala bilərlər. Oranı bitirən şəxslərə ixtisasları üzrə «həkim- mütəxəssis» ali dərəcəsi verilir.

Azərbaycan vətəndaşlarının rezidenturaya qəbul planını hər bir ixtisas üzrə həkim-mütəxəssislərə ehtiyac nəzərə alınmaqla, Səhiyyə Nazirliyi müəyyənləşdir. Onu Nazirlər Kabineti təsdiq edir. Rezidenturada təhsil dövrü həkimin ümumi və ixtisas üzrə əmək stajına daxil edilir. Orada təhsil alanlar attestasiyadan keçmədikdə, rezidenturadan xaric edilirlər.

Rezidenturada təhsil ödənişli və ödənişsiz əsaslarla aparılır.

Azadlıq Radiosu