Milli Məclisin buraxılmasının hüquqi mexanizmi necədir?

Hüquq sahəsində ekspert Ələsgər Məmmədlinin fikrincə, hazırkı vəziyyətdə çox güman ki, parlamentin funksional işləyə bilməməsi ilə bağlı süni durum yaradılacaq

Turan İnformasiya Agentliyi bildirir ki, Parlamentin buraxılmasına dair hüquqi norma 2016-cı il referendumunda Konstitusiyaya tətbil edilib.

Bu, “Azərbaycan Respublikası Milli Məclisinin buraxılması” haqda 98-1-ci maddədə əksini tapıb.

Bu normaya görə, əgər il ərzində iki dəfə Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad göstərmirsə və ya prezident iki dəfə təqdim etdikdən sonra qanunla müəyyən edilmiş müddətdə Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyətinə lazımi sayda namizəd təyin etmirsə, 94 və 95-ci maddələrin II, III, IV və 96-cı maddənin V hissəsi və 97-cı maddədə göstərilən öhdəliklərini (bu normalar parlament tərəfindən qanunvericilik funksiyalarının yerinə yetirilməməsi ilə bağlıdır) yerinə yetirmirsə, dövlət başçısı Milli Məclisi buraxır.

Hüquq sahəsində ekspert Ələsgər Məmmədlinin fikrincə, hazırkı vəziyyətdə çox güman ki, parlamentin funksional işləyə bilməməsi ilə bağlı süni durum yaradılacaq.

Milli Məclisin iclaslarının qanuni olması üçün bu iclaslarda ən azı 83 deputatın iştirakı zəruridir.

Nəzərə alsaq ki, parlamentdə 70-ə yaxın mandat Yeni Azərbaycan Partiyasına məxsusdur və bu partiyadan olan deputatlar kütləvi şəkildə istefa verəcəklər, parlament faktiki olaraq öz vəzifəsini yerinə yetirə bilməyəcək.

Bundan sonra prezident parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə qərar qəbul edəcək.

Növbədənkənar seçkilərin tarixi səsvermədən ən azı 60 gün əvvəl təyin olunmalıdır.

Lakin nəzərə alsaq ki, seçkilərə hazırlaşmaq üçün müəyyən vaxt lazımdır, o zaman çox güman ki, seçkilər 2020-ci il fevral-mart aylarına təyin ediləcək.

Qeyd edək ki, hazırda Milli Məclisdə siyahı üzrə 118 deputat var, onlardan 70-i Yeni Azərbaycan Partiyasının üzvüdür.

Benefisiar.org xatırladır ki,  Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının noyabrın 28-də toplantısı keçirilib və partiya parlamentdə təmsil olunan üzvlərinə qanunverici orqanın buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib.

 

Əvvəlki məqaləƏlilliyi olan şəxslərin məşğulluq məsələsi müzakirə olunub
Növbəti məqaləMaliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildi