Sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin xahişi ilə onun üzərində patronaj təyin edilə bilər. Patronaj təyin edilməsi fiziki şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur.
Yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin patronu (köməkçisi) həmin fiziki şəxsin razılığı ilə qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin edilir.
Patron (köməkçi) fiziki şəxslə bağlanmış tapşırıq və ya etibarnamə ilə idarəetmə müqaviləsinə əsasən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsə mənsub əmlak barəsində sərəncam verir. Məişət tələbatının saxlanmasına və ödənilməsinə yönəldilən məişət əqdlərini və başqa əqdləri patron (köməkçi) fiziki şəxsin razılığı ilə bağlayır.
Qanuna uyğun olaraq yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxs üzərində təyin edilmiş patronaja patronajda olan fiziki şəxsin tələbi ilə xitam verilir. Bu halda patronajda olan fiziki şəxsin patronu (köməkçisi) öz vəzifələrini yerinə yetirməkdən azad edilir.
Mülki Məcəllyə görə üzrlü səbəblər olduqda (xəstəlik, əmlak vəziyyətinin dəyişməsi, qəyyumluqda olanla qarşılıqlı anlaşmanın yoxluğu və i.a.) patronaj öz xahişi ilə vəzifələrinin icrasından azad edilə bilər.
Patronajın təyin edilməsi üçün fiziki şəxs İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etməlidir. Xidmətin həyata keçirilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
– Fiziki şəxsin sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmadığını təsdiqləyici sənədlər;
– Patronajda olmaq istəyən fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
– Patronajda olmaq istəyən fiziki şəxsin notariat qaydasında razılıq ərizəsi;
– Fiziki şəxsin öz üzərində təyin etmək istədiyi patronunun şəxsiyyət vəsiqəsinin surəti;
– Fiziki şəxsin öz üzərində təyin etmək istədiyi patronunun notariat qaydasında razılıq ərizəsi;
– Patronajda olmaq istəyən fiziki şəxsin ərizəsi
Sənədlər poçt vasitəsi ilə və ya şəxsən təqdim edilə bilər.
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar aşağdakı mərhələlərdə həyata keçrilir:
– Patronajda olmaq istəyən fiziki şəxs ərizə ilə birlikdə müvafiq sənədləri İcra Hakimiyyətinə təqdim edir;
– İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası patronajda olmaq istəyən fiziki şəxsin təqdim etdiyi sənədləri yoxlayır, öz rəyi və yoxlama aktı ilə birlikdə patronaj təyin edilməsi barədə İcra Hakimiyyəti Başçısının sərəncamının layihəsini hazırlayır;
– İcra Hakimiyyətinin Başçısı fiziki şəxs üzərində patronaj təyin edilməsi barədə sərəncam verir.
Xidmətin 30 təqvim günü ərizəndə, ödənişsiz həyata keçirilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli üçün müraciət edən şəxs inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər. Ərizə və ya şikayətə qanunla müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Benefisiar.org