”Kubça”nı elektron üsulla əldə etmək mümkün olacaq

Bu gündən, dekabrın 28-dən Azərbaycanda daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın elektron üsulla əldə edilməsi mümkün olacaq.

APA-nın məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyası bununla bağlı “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın ipotekasının əlavə dövlət qeydiyyatı və sonrakı ipotekanın dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın lizinqinin dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də müvafiq dəyişikliklər edib.

Qərar bu gündən – dekabrın 28-dən qüvvəyə minir. Vətəndaşlar elektron imza ilə təsdiqlənməklə “Elektron Hökumət” portalında yerləşdirilən sənədləri elektron üsulla əldə edə biləcəklər.